AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Fərman büdcədənkənar vəsaitlərin istifadəsində şəffaflığı və səmərəliliyi artıracaq - ŞƏRH

11.09.2026 [16:24]

Bakı, 11 sentyabr, AZƏRTAC
Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dövlət qurumlarında büdcədənkənar mənbələr hesabına formalaşmış vəsaitdən istifadədə həm səmərəliliyin, həm şəffaflığın, həm də təyinatlılığın daha da genişləndirilməsi məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Fərman birmənalı şəkildə həm vəsaitlərin istifadəsi ilə bağlı sistemli yanaşmanın tətbiq olunmasına və bununla da bir tərəfdən səmərəliliyin artırılmasına, digər tərəfdən isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək: “Nəticə etibarilə həmin vəsaitlərdən istifadə zamanı konkret istiqamətlər, eyni zamanda, həmin istiqamətlər üzrə faizlər, maksimum limitlər və ya bütövlükdə hədlər müəyyənləşdirilib. O cümlədən təbii ki, həm əməkhaqqı artımları, həm mükafatların verilməsi və digər istiqamətlər vəsaitlərinin ayrılması zamanı praktiki olaraq konkret mexanizm müəyyənləşdirilməsi həmin vəsaitlərdən səmərəli istifadə edilməsinə imkan verəcək. Bu, eyni zamanda, imkan verəcək ki, bütövlükdə həmin qurumlarda çalışan inzibati və yardımçı işçilərin sosial təminatını daha da gücləndirmək mümkün olsun. Çünki nəticə etibarilə həmin vəsaitlərdən istifadədə səmərəliliyin, ünvanlılığın və şəffaflığın artırılması sözügedən vətəndaşlarımızın sosial təminatının güçləndirilməsi üçün baza formalaşdırır. Çünki bu, onların əməkhaqqı artımları üçün xüsusi və yeni mənbələrin formalaşması mənasına gəlir. O baxımdan yeni sənəd bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən həmin qurumlarda çalışan vətəndaşlarımızın əməkhaqlarının sistemli şəkildə artırılmasına imkan verəcək. Bu baxımdan səmərəlilik, şəffaflıq, sosial təminatın gücləndirilməsi meyarlar daxil olmaqla fərman bu istiqamətdə yeni mexanizmlərin tətbiqinə imkan yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az