Bakı, 11 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında əsas kapitala 12 milyard 677,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,4 faiz artaraq 4 milyard 246,7 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,4 faiz artaraq 8 milyard 431,1 milyon manat olub.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,6 faiz artaraq 7 milyard 40,7 milyon manat, xidmət sahələri üzrə real ifadədə 0,7 faiz azalaraq 3 milyard 850,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə 1,8 faiz artaraq 1 milyard 786,5 milyon manat olub.
