AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ustadımın yolu ilə. Operetta inciləri” – görkəmli vokalçı Mobil Əhmədov yad edilib

11.09.2026 [17:55]

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Mobil Əhmədovun 95 illiyi ilə əlaqədar "Ustadımın yolu ilə. Operetta inciləri" adlı konsert keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənətkarın layiqli davamçısı Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımovun və Musiqili Teatrın kollektivinin təşəbbüsü ilə keçirilən konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu Mobil Əhmədovun həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.
Yubiley gecəsində Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, vokal artistləri Eleanora Mustafayeva, Aydan Həsənova, eləcə də teatrın xor kollektivi iştirak edib.
Arif Məlikov, Polad Bülbüloğlu, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Azər Rzayev, Tofiq Quliyev, Əşrəf Abbasov və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərlərindən seçilmiş ariya və duetlərin səsləndirildiyi, sənətkarın zəngin irsinə ehtiramın ifadəsi olan konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Mobil Əhmədovun qızı Nigar Əhmədova çıxış edərək atasının xatirəsinə həsr olunan konsertin təşkilatçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az