Bakı, 11 sentyabr, AZƏRTAC
Biz bu qədim idman mədəniyyətini, yəni polonu müasir formada Azərbaycana qaytardıq və 13 ildir ki, inkişaf etdiririk. Çövkən isə minilliklərdir ki, bu torpaqlardadır. Demək olar ki, Azərbaycan polo idmanının beşiklərindən biridir. Azərbaycan Respublikası Atçılıq Federasiyasının “Sea Breeze” ilə birlikdə çimərlik polosu turniri keçirmək qərarından çox qürurlu və şadıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Polosunun prezidenti Reto Qaudenzi “Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “See Breeze 2026” beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu turniri böyük əhəmiyyət daşıyır: “Bu, böyük uğurdur. Hər şey yenicə başlayıb və artıq ilk oyunumuz baş tutub. Möhtəşəm idman, fantastik insanlar, Bakının yaxınlığında yerləşən “Sea Breeze” kimi əla məkanda gözəl hava – bütün bunlar böyük hadisədir. Dünyada həqiqətən yüksək səviyyədə keçirilən çimərlik polosu üzrə turnirlər çox azdır. Ən yaxşı turnir Mayamidə təşkil olunur və indi Bakı ona çox yaxınlaşır. Dörd dünya səviyyəli komandanın iştirak etməsindən, yüksəksəviyyəli oyunların keçirilməsindən çox şadam və qürur duyuram”.
Dünya Polosunun prezidenti Bakı ilə Mayamini müqayisə edərkən Azərbaycan paytaxtının üstünlüklərinin daha çox olduğunu vurğulayıb: “Mayami ABŞ-dədir, Bakı isə Azərbaycanda. Zarafat bir yana, Mayami daha çox çimərlik kurortudur və onlar çimərliklə yaşayırlar. Bakıda isə daha çoxu var. Burada, çimərlikdə hazırlanan meydança həqiqətən mükəmməldir. Çox yaxşı idman nümayiş olunur, yüksəksəviyyəli atlarımız və dünyanın hər yerindən gələn əla polo oyunçularımız var. Turnirdə Azərbaycan, “Sankt-Morits” (İsveçrə), “Moskva” (Rusiya) və Londonu (İngiltərə) təmsil edən dörd komanda iştirak edir. İlk oyunda İsveçrə komandası İngiltərə kollektivinə az fərqlə qalib gəldi. İsveçrəli olduğum üçün buna çox şadam”.
Reto Qaudenzi turnirdə konkret favoriti olmadığını da bildirib: “Mən təşkilatçıyam, buna görə də tərəfsizəm. Əlbəttə, isveçrəlilər qalib gəlsə, çox şad olaram. Amma azərbaycanlılar, ruslar və ya ingilislər qalib gəlsə də sevinərəm. Təşkilatçı olduğunuz zaman yaxşı idman nümayiş etdirildiyi müddətdə hər zaman şad olursunuz”.
Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.