Bakı, 11 sentyabr, AZƏRTAC
İqlim böhranı artıq ekoloji gündəliyin sərhədlərinə sığmır. O, su ehtiyatlarının mövcudluğunu, ərzağın qiymətini, şəhərlərin təhlükəsizliyini, sənayenin istehsal xərclərini və dövlətlərin fiskal dayanıqlığını eyni vaxtda dəyişdirən sistem riskinə çevrilib. Buna görə iqlim siyasətinin həqiqi ölçüsü qəbul olunan qərarların sayından çox, həmin qərarların sərmayəyə, infrastruktura və insanların gündəlik həyatında hiss edilən müdafiə mexanizmlərinə çevrilmə qabiliyyətidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.
O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi ilə paralel keçirilməsi paytaxtı vədlə əməl arasındakı məsafənin azaldıldığı beynəlxalq mərkəzə çevirir. Bu statusun siyasi əsası COP29-da qoyulub. Bakıda inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək illik 300 milyard dollarlıq yeni iqlim maliyyəsi hədəfinin qəbul edilməsi və bütün mənbələr üzrə maliyyə axınlarının ildə azı 1,3 trilyon dollara çatdırılmasına çağırış edilməsi qlobal iqlim diplomatiyasının maliyyə arxitekturasını dəyişdirdi. Sonradan hazırlanmış “Bakıdan Belemə Yol Xəritəsi” həmin qərarı praktiki istiqamətlərlə tamamladı. İndi COP29, COP30 və COP31 sədrliklərinin Bakıda eyni icra gündəliyi ətrafında bir araya gəlməsi Azərbaycanı ayrı-ayrı konfranslar arasında institusional yaddaşı və siyasi ardıcıllığı qoruyan dövlət kimi təqdim edir.
"İqlim maliyyəsinin əsas problemi vəsaitin məbləğindən daha genişdir. Kapitalın qiyməti, ona çıxışın mürəkkəbliyi, borc yükü, layihələrin investisiya cəlbediciliyi və risklərin bölüşdürülməsi xüsusilə inkişaf etməkdə olan ölkələrin real imkanlarını müəyyənləşdirir. Bakıdakı İcra Forumunda dövlət, biznes, maliyyə institutları, şəhərlər və vətəndaş cəmiyyətinin eyni masa arxasına gətirilməsi bu səbəbdən mühüm siyasi məna daşıyır. Kənd təsərrüfatının iqlim maliyyələşdirilməsi, su təhlükəsizliyi, sənayenin karbonsuzlaşdırılması, dayanıqlı binalar və uyğunlaşma üzrə müzakirələr qlobal öhdəlikləri banklar tərəfindən maliyyələşdiriləbilən layihələrə və yerli səviyyədə tətbiq olunan həllərə çevirməyə xidmət edir.
Digər mühüm məsələ isə şəffaflıqdır. Ölçülməyən öhdəlik idarə olunmur, müqayisə edilməyən irəliləyiş isə etibarlı maliyyə qərarı yaratmır. 2026-cı ilin sonunadək təqdim edilməli olan İkiillik Şəffaflıq Hesabatlarına dair texniki iş, Bakı Şəffaflıq Platforması və ölkələrə göstərilən praktiki dəstək iqlim idarəçiliyində məlumatı siyasi etimadın əsasına çevirir”, - deyə R.Muradov vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycan üçün bu gündəliyin konkret ünvanları Xəzərin səviyyəsinin enməsi, su ehtiyatlarına artan təzyiq, quraqlıq, ərzaq təhlükəsizliyi və şəhərlərin iqlim risklərinə davamlılığıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerjinin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi qurulması, müasir su infrastrukturu və ağıllı şəhər həlləri iqlim siyasətini milli modernləşmənin tərkib hissəsinə çevirir. Beləliklə, yaşıl keçid həm təbiətin mühafizəsinə, həm iqtisadi məhsuldarlığa, həm də dövlətin su, ərzaq və enerji təhlükəsizliyinə xidmət edən suveren inkişaf xətti qazanır.
Bakı İqlim Fəaliyyəti Həftəsinin əsas siyasi mesajı enerji təhlükəsizliyi ilə iqlim məsuliyyətinin qarşıdurma yaratmadan uzlaşdırıla bilməsidir. Azərbaycan bu keçidin meyarlarını milli maraqlar, iqtisadi rasionalizm, texnoloji yenilənmə və sosial ədalət əsasında müəyyənləşdirir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət Bakının iqlim qərarlarının qəbul edildiyi şəhər statusunu həmin qərarların icrasının ölçüldüyü mərkəz statusu ilə tamamlayır. Bu gün Azərbaycan qlobal iqlim diplomatiyasının növbəti mərhələsində müzakirənin iştirakçısı olmaqla kifayətlənmir, icra modelinin müəlliflərindən birinə çevrilir.