AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Premyer Liqa: “Neftçi” çətin qələbə ilə liderliyini möhkəmlədib

11.09.2026 [18:30]

Bakı, 11 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"İmişli" Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edib. Bu görüşdə qonaqlar çətin qələbə qazanıblar – 3:2.
Matçda hesabı 12-ci dəqiqədə “ağ-qaralar”ın yarımmüdafiəçisi Freddi Varqas açıb. 28-ci dəqiqədə Breno Almeyda 2-ci topu bölgə təmsilçisinin qapısından keçirib. Bundan cəmi 1 dəqiqə sonra nominal meydan sahibləri hesab arasındakı fərqi azaldıblar. Bəxtiyar Həsənalızadə fərqlənib. İlk hissəyə əlavə olunmuş 7-ci dəqiqədə “İmişli”nin kapitanı Azər Salahlı penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə daha bir qol vuran “Neftçi” yekun hesabı müəyyənləşdirib. Qələbə qolunu akrobatik zərbə ilə Qustavo Klisman vurub.
Bu nəticədən sonra Bakı klubu 12 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik bölgə təmsilçisi isə 8-ci sırada yer alıb.
Qeyd edək ki, V tura sentyabrın 14-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az