AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Xidməti: Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 43 min manatdan çox ziyan dəyib

11.09.2026 [18:31]

Bakı, 11 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndi və Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 43 min 150 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az