AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Merkurinin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib

11.09.2026 [19:45]

Berlin, 11 sentyabr, AZƏRTAC

Günəşə ən yaxın planet olan Merkurinin formalaşmasından bəri diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib. Bu göstərici əvvəlki hesablamalardan xeyli yüksəkdir. Əvvəllər planetin diametrinin maksimum 14 kilometr kiçildiyi hesab edilirdi.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, Yaponiya və Almaniyadan olan alimlərin Merkuri səthinin görüntülərinin yeni təhlili nəticəsində gəldiyi qənaət “Geophysical Research Letters” jurnalında dərc olunub. Tədqiqat Merkurinin daxili quruluşuna dair yeni məlumatlar verir. Alimlərin fikrincə, daha güclü kiçilmə planetin daha böyük metal nüvəyə malik olduğunu göstərə bilər. Digər ehtimallar arasında nüvədə yüngül elementlərin daha az olması və Merkurinin formalaşdığı dövrdə temperaturun daha yüksək olması göstərilir.
Merkuri təxminən 4,5 milyard il əvvəl formalaşıb. Planet soyuduqca həcmi azalıb və bu proses səthdə qırılmalar, qırışıqlar və dağ silsilələri yaradıb. Tədqiqatçılar hesab edirlər ki, meteor və asteroid zərbələri bəzi ərazilərdə bu izləri silib.
Merkurinin daha dəqiq xəritələndirilməsi isə “BepiColombo” missiyası ilə mümkün olacaq. Avropa kosmik aparatı noyabrın 21-də planetin orbitinə daxil olaraq onun səthini 50 metrədək dəqiqliklə xəritələndirəcək.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az