AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

12.09.2026 [05:39]

Vaşinqton, 12 sentyabr, AZƏRTAC

İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin yüksəkvəzifəli rəsmisi “Axios”un müxbiri Barak Ravidə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Roma görüşünün əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində bir araya gələcəklər. Görüşdə son hadisələr və tərəflər arasında çərçivə sazişinin icrasının davam etdirilməsi müzakirə olunacaq.
Rəsmi danışıqların növbəti raundunun oktyabrda Romada keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, yəhudi bayramları, gələn həftə Parisdə Livan ordusuna dəstək məqsədilə keçiriləcək konfrans və BMT Baş Assambleyasına hazırlıq tərəflərin əvvəlcədən planlaşdırılan tarixdə Romada toplaşmasına imkan verməyib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az