AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

12.09.2026 [11:02]

Ağdərə, 12 sentyabr, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara Gəncəsər monastırının tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verib.
Daha sonra diplomatlar monastırın ərazisinə baxış keçirib və abidə ilə tanış olublar.
Gəncəsər monastırı Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçınçayın sağ sahilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidəsi (10 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülüb.
Monastır kompleksinin əsas kilsəsi 1216–1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal Dövlənin təşəbbüsü ilə inşa edilib. Kilsəyə bitişik narteksin əsası isə 1266-cı ildə qoyulub. Gəncəsər uzun müddət Alban katolikosatının mühüm dini mərkəzlərindən biri olub və 1836-cı ilədək son Alban katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərib.
Kompleks baş kilsə, narteks, qala-mühafizə divarları, rahib hücrələri, yaşayış və təsərrüfat tikililərindən ibarətdir. Baş kilsə xaçvari-günbəzli kompozisiyaya malikdir və zəngin oyma ornamentlər, barelyeflər və epiqrafik yazılarla bəzədilib.
1993–2023-cü illərdə abidə işğal altında qaldığı dövrdə kompleksdə müxtəlif qanunsuz bərpa və yenidənqurma işləri aparılıb. Əldə edilmiş materiallara əsasən, abidənin tarixi mühitinə və memarlıq xüsusiyyətlərinə ciddi müdaxilələr edilib, o cümlədən 286 qəbrin yeri dəyişdirilib, mühafizə divarları müasir daş plitələrlə üzlənib, narteks və məbəddə qapı-pəncərə elementləri yenilənib, döşəmə, altar və bir sıra dekorativ hissələrə müdaxilə edilib. Kompleksin ətrafında yeni inzibati və seminariya təyinatlı tikililərin inşası nəticəsində abidənin tarixi mühiti əhəmiyyətli dərəcədə dəyişdirilib.

Müxbirlər - Pərvanə Qafarova, Gülay Nəzərova
Fotoqraf - Tofiq Babayev
Operator - Mirrəsul Cəfərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az