Bakı, 12 sentyabr, AZƏRTAC
BOKT vəsaitlərinin aidiyyəti şəxslərə – təşkilatın təsisçilərinə, inzibatçılarına, struktur bölmələrinin rəhbərlərinə və onların yaxın qohumlarına yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Mərkəzi Bankın "BOKT-lər: Tənzimləmə çərçivəsi və bazar transformasiyası" mövzusunda təlimdə deyib.
O bildirib ki, əvvəlki dövrdə BOKT-lərdə aidiyyəti şəxslərlə bağlı müəyyən edilmiş hədd 30 faiz olub. Bu göstəriciyə yenidən baxılıb və banklarda tətbiq olunan yanaşmalar da nəzərə alınıb. Belə ki, fiziki şəxslər üzrə 5 faiz, hüquqi şəxslər üzrə 10 faiz, bütün aidiyyəti şəxslər üzrə isə ümumilikdə 15 faiz hədd müəyyənləşdirilib.
“Əsas məqsəd bir borcalandan asılılıq tələbindən fərqli olaraq, aidiyyəti şəxslərə verilən kreditlərin ümumi həcminin həddindən artıq cəmləşməsinə imkan verməməkdir. Bununla BOKT-lərin vəsaitlərinin aidiyyəti şəxslərə deyil, daha çox əhalinin kreditləşdirilməsinə yönəldilməsi hədəflənir”, - deyə X.İsmayılov əlavə edib.