Şuşa, 12 sentyabr, AZƏRTAC
Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam.
Bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.
O bildirib ki, şəhərin memarlığı, yeni binalar, abadlaşdırılmış infrastruktur və aparılan bərpa işləri onda böyük təəssürat yaradıb.
“Bu gün hətta həyat yoldaşımla burada daha çox qalmaq və Şuşada olmağımızdan daha çox zövq almaq üçün nə edə biləcəyimizi planlaşdırdıq. Hava möhtəşəmdir, memarlıq və yeni binalar bizi çox heyran etdi”, - deyə diplomat bildirib.
O, həmçinin şəhərdə aparılan bərpa işlərinin əhəmiyyətini qeyd edib və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ regionunun inkişafındakı xidmətlərini vurğulayıb.
“Bu, Prezident İlham Əliyevin böyük xidmətidir. O, bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram”, - deyə İ.Abdurahmon vurğulayıb.
Səfir, həmçinin ümidvar olduğunu bildirib ki, Qarabağ sakinləri onlar üçün yaradılmış şəraitdən istifadə edəcək və bərpa edilmiş şəhərlərdə məmnuniyyətlə yaşayacaqlar.
“Bu gün Şuşada tikilməkdə olan yeni məscidi də gördük. Biz onun açılışında məmnuniyyətlə iştirak edəcəyik. Düşünürəm ki, hər bir vətəndaş bundan böyük zövq alacaq. Çünki burada təkcə infrastruktur deyil, hər şey yaradılıb. Ona görə də yalnız sevinmək, dövlətə təşəkkür etmək və həyatdan zövq almaq lazımdır”, - deyə diplomat əlavə edib.
Müxbir – Pərvanə Qafarova