Bakı, 12 sentyabr, AZƏRTAC
Bakıda tanınmış dizayner və rəssam Sara Məmmədlinin fərdi rəsm sərgisi açılıb. Sərgidə müəllifin uzun illər ərzində topladığı duyğuların, dərin düşüncələrin və zəngin yaradıcılıq yolunun təcəssümü olan unikal əsərləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, ixtisasca diplomat olan Sara Məmmədli üçün incəsənət hər zaman həyatının ayrılmaz hissəsi olub. Birləşmiş Ərəb Əmirliklərində təhsil alan və uzun illər orada yaşayan rəssam özünün "Saray Couture" geyim brendi ilə də moda dünyasında tanınır. Son altı ildir ki, rəssamlıqla aktiv şəkildə məşğul olan müəllif müəyyən bir janrla məhdudlaşmayaraq müxtəlif üslub və simvollarla daxili enerjisini kətana köçürür.
Tədbirdə ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, Xalq yazıçısı Çingiz Abdullayev və "Beynəlxalq Alyans Azərbaycan-Ukrayna" təşkilatının sədri Elmar Məmmədov da fəxri qonaq kimi iştirak ediblər.
Ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan sərgi rəssamın gələcəkdə həyata keçirəcəyi yeni ideyalar və genişmiqyaslı məqsədlər üçün növbəti uğurlu pillədir.