AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

12.09.2026 [14:39]

Bakı, 12 sentyabr, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İsveçrənin St. Gallen Universiteti ilə birgə təşkilatçılığı ilə Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda keçirilən akademik konfransın iştirakçıları sentyabrın 9-11-də işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
BMTMM-dən AZƏRTAC-a verilən məlumata görə, İsveçrə, Almaniya, Misir, ABŞ və Fransadan olan tədqiqatçı və ekspertlərin iştirak etdiyi səfərin əsas məqsədi qonaqları Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə törədilmiş dağıntılar, ərazilərin minalardan təmizlənməsi, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yerində tanış etmək olub.
İştirakçılar Şuşa, Laçın, Zəngilan, Füzuli və Ağdam rayonlarında olublar. Qonaqlara işğal nəticəsində şəhər və kəndlərdə dağıdılmış infrastruktur, yaşayış məntəqələrinin vəziyyəti, tarixi və mədəni irsə vurulmuş ziyan, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri barədə ətraflı məlumat verilib.
Tədqiqatçılar Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi, Zabux kəndində qısa müddətdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Füzuli və digər rayonlarda qısa müddət ərzində inşa edilmiş müasir yaşayış kompleksləri, kənd və qəsəbələr, sosial obyektlər, yol və nəqliyyat infrastrukturu da səfər iştirakçılarının xüsusi marağına səbəb olub. Ağdamda isə yeni sənaye kompleksi, dəmiryol vağzalı və digər infrastruktur layihələri barədə məlumat verilib. Bu layihələrin işğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial inkişafına, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına xidmət etdiyi vurğulanıb.
Səfər proqramının əsas istiqamətlərindən biri Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda həyata keçirdiyi minatəmizləmə fəaliyyəti ilə tanışlıq olub. ANAMA nümayəndələri tərəfindən keçirilən brifinq zamanı qonaqlara işğal dövründə Azərbaycan ərazilərində basdırılmış yüz minlərlə mina və digər partlayıcı qurğunun yaratdığı təhlükə, onların zərərsizləşdirilməsi prosesinin mürəkkəbliyi və bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Səfər zamanı iştirakçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “Böyük Qayıdış” Proqramının əsas istiqamətləri, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıdışının təşkili, yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması barədə də məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az