Buxarest, 12 sentyabr, AZƏRTAC
Yunanıstan və Rumıniya iqtisadi əməkdaşlığın, o cümlədən enerji, nəqliyyat bağlantıları, ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, bu məsələlər Yunanıstanın iqtisadiyyat və maliyyə naziri, Eurogroup-un prezidenti Kiriakos Pierrakakisin Buxarestdə Rumıniya Prezidenti Nikuşor Danla keçirdiyi görüşdə diqqət mərkəzində olub.
Yunanıstan və Rumıniya Cənub-Şərqi Avropanın enerji və nəqliyyat xəritəsində mühüm mövqeyə malikdir. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi Balkanlarda şimal-cənub istiqamətində enerji və yük axınlarının diversifikasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Son illərdə Yunanıstan regionun qaz təchizatı mərkəzlərindən birinə çevrilmək istiqamətində infrastrukturunu genişləndirir. Ölkənin LNG terminalları, Trans-Adriatik Boru Kəməri, Yunanıstan–Bolqarıstan interkonnektoru və digər bağlantılar Cənub-Şərqi Avropa bazarlarına alternativ qaz mənbələrinin çatdırılmasına imkan verir.
Rumıniya isə Qara dənizdəki enerji ehtiyatları, elektrik istehsalı imkanları və Mərkəzi Avropa bazarlarına coğrafi yaxınlığı ilə regional enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu səbəbdən Afina və Buxarest arasında enerji bağlantılarının gücləndirilməsi Balkanlarda daha inteqrasiya olunmuş bazarın formalaşmasına töhfə verə bilər.
Nəqliyyat sahəsində əməkdaşlıq da görüşün mühüm istiqamətlərindən olub. Yunanıstanın Egey dənizi limanları ilə Bolqarıstan və Rumıniya üzərindən Qara dəniz və Mərkəzi Avropanı birləşdirən marşrutların inkişafı regionda alternativ logistika dəhlizlərinin əhəmiyyətini artırır.
Bu istiqamətdə layihələr Azərbaycanın da iştirak etdiyi Şərq-Qərb və Orta Dəhliz nəqliyyat sistemlərinin Avropa hissəsi baxımından maraq doğurur. Qara dəniz hövzəsi ilə Balkanların nəqliyyat və enerji infrastrukturlarının daha sıx inteqrasiyası Xəzər regionundan Avropaya yük və enerji axınlarının şaxələndirilməsi üçün əlavə imkanlar yarada bilər.