AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

12.09.2026 [15:04]

Qahirə, 12 sentyabr, AZƏRTAC

“Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı-alim süni intellektin təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar süni intellekt şirkətlərinin mürəkkəb riyazi problemlərin həllinə yönələn fəaliyyətinin bu elm sahəsinə uzunmüddətli zərər vura biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC İraqın xəbər agentliyinə istinadla bildirir ki, aralarında tanınmış riyaziyyatçı Terens Taonun da olduğu alimlərin “France Presse” agentliyində yayımlanmış birgə məktubunda süni intellekt şirkətlərinin məqsədləri ilə riyaziyyat ictimaiyyətinin məqsədlərinin böyük ölçüdə uzlaşmadığını bildiriblər. Onlar bu tendensiyanı ümumilikdə intellektual fəaliyyət üçün təhlükə adlandırıblar.
Məktubu imzalayan alimlər “Filds” medalının təxminən 50 illik tarixini əhatə edir. Onların arasında 1978-ci ildə mükafata layiq görülmüş Pyer Delin və bu il medal alan Yu Din də var.
Riyaziyyatçılar qeyd ediblər ki, riyazi məsələlərin həlli xüsusilə tələbələrin bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm vasitədir. Onların fikrincə, məsələlərin həlli son məqsəd deyil, nəzəri anlayışın formalaşdırılmasına xidmət edən vasitədir və bu proses zamanla yanaşı, insanlarla qarşılıqlı əlaqəni də tələb edir.
Alimlər süni intellektin iş üsullarını dəyişdirdiyi bir şəraitdə bu fəaliyyətin əsl məqsədinin gözdən qaçırılmamasının vacibliyini vurğulayıblar. Onlar məsələnin həm riyaziyyat ictimaiyyəti, həm texnologiya şirkətləri, həm də daha geniş ictimaiyyət səviyyəsində təcili müzakirə edilməsinə çağırıblar.
Bu xəbərdarlıq “OpenAI” şirkətinin çərşənbə axşamı açıqlamasından bir neçə gün sonra səslənib. Şirkət hələ geniş ictimaiyyətə təqdim edilməmiş süni zəka modellərindən birinin Kley İnstitutunun qoyduğu minilliyin 7 problemindən biri olan “Navye-Stoks bərabərliyi” tənliyini həll etdiyini bildirib. Məsələnin həllinin 88 saat ərzində minlərlə süni intellekt agentinin paralel fəaliyyəti nəticəsində əldə edildiyi açıqlanıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az