AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

12.09.2026 [15:38]

Şuşa, 12 sentyabr, AZƏRTAC

Bu, mənim Qarabağa ilk səfərim deyil. Təxminən iki ayda bir müxtəlif səbəblərlə buraya gəlirəm və dövlətin “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm.
Bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
Diplomat regionda həyata keçirilən genişmiqyaslı bərpa işlərini qeyd edib, eyni zamanda, tarixi irsin qorunmasına və müasir infrastrukturun yaradılmasına diqqət yetirildiyini vurğulayıb.
“Tarixə necə diqqətlə yanaşıldığını, enerji, yol və istehsal infrastrukturunun necə formalaşdırıldığını görürük. Xankəndidə gördüklərimiz, o cümlədən Ağdam iqtisadi zonasında infrastrukturun formalaşdırılması, eləcə də Qarabağ Universitetinin inkişafı artıq kifayət qədər dayanıqlı xarakter alır”, - deyə Dmitri Pineviç qeyd edib.
Onun sözlərinə görə, Qarabağda həyata keçirilən layihələr Belarusla Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır.
“Hesab edirəm ki, məhz burada Belarus və Azərbaycanın tarixinin yeni səhifələri yazılacaq və övladlarımız bunları çox yaxşı xatırlayacaqlar”, - deyə səfir bildirib.
Dmitri Pineviç, həmçinin Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iclasında Belarusdan geniş nümayəndə heyətinin iştirakının gözlənildiyini bildirib.
Belarus səfiri iki ölkənin nümayəndələrinin sərgi tədbirlərində fəal iştirakını vurğulayıb: “Bakıda və ümumilikdə Azərbaycanda keçirilən istənilən sərgi ümumilikdə Belarus nümayəndə heyətinin iştirakı olmadan keçmir. Öz növbəmizdə, sentyabrın sonu - oktyabrın əvvəlində ölkəmizdə böyük sənaye sərgisinin keçirilməsi gözlənilir və həmin sərgi də azərbaycanlı dostlarımızın iştirakı olmadan keçməyəcək”.

Müxbir – Pərvanə Qafarova
Fotoqraf – Tofiq Babayev
Operator – Mirrəsul Cəfərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az