AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

12.09.2026 [15:47]

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün rəqəmsal xidmətlərin əlçatanlığını yeni mərhələyə yüksəldən myUNEC mobil tətbiqi təqdim olunub.
Bu barədə AZƏRTAC-a universitetindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-dən istifadəyə verilən mobil tətbiq ilk gündən böyük maraqla qarşılanıb. Qısa müddət ərzində 5000-ə yaxın UNEC tələbəsi myUNEC-in aktiv istifadəçisinə çevrilib və istifadəçi sayı sürətlə artmaqda davam edir. Daha bir diqqətçəkən göstərici isə myUNEC-in hazırda ölkə üzrə ən çox yüklənən 200 tətbiq arasında 1-ci yerdə qərarlaşmasıdır.
myUNEC “Rəqəmsal UNEC” konsepsiyasının növbəti mühüm addımlarından biridir. Tətbiqin əsas məqsədi tələbələrin universitet xidmətlərindən daha rahat və fasiləsiz yararlanmasını təmin etməklə yanaşı, xidmətlərin təqdimatında şəffaflığı, çevikliyi və tələbəyönümlü yanaşmanı gücləndirməkdir. Artıq tələbə dərs cədvəlini, davamiyyətini və imtahan nəticələrini mobil tətbiqdən izləyə, tədris materiallarına və mühazirələrə istənilən vaxt çıxış əldə edə, universitet sorğularında iştirak edə, tələbə təşkilatlarının seçkilərində elektron səs verə biləcək.
Universitetin yenilik və elanları da bildiriş formasında birbaşa tələbənin mobil cihazına çatdırılacaq. Beləliklə, universitetin rəqəmsal sistemlərində mövcud olan xidmətlər myUNEC vasitəsilə mobil və daha operativ formatda tələbələrin istifadəsində təqdim olunur.
Valideynlər tətbiqi öz mobil cihazlarına yükləməklə övladlarının təhsil həyatını yaxından izləyə biləcəklər. Bunun üçün tələbə tərəfindən valideynə şəxsi kabinetin istifadəçi adı və şifrəsi təqdim olunmalıdır. Tətbiqin axtarış sistemi tələbəyə lazım olan məlumat və resursları saniyələr ərzində tapmağa, sürətli keçidlər isə önəmli bölmələrə daha az müddət sərf etməklə daxil olmaq imkanı verir. Dərs cədvəlinin mobil telefonun ekranına “widget” formatında əlavə edilməsi, tətbiqin oflayn rejimdə işləməsi, hesaba girişin Face ID və ya PIN kodu ilə qorunması myUNEC-in əsas üstünlüklərindəndir.
Yeni tətbiq yalnız texnoloji yenilik deyil, UNEC-də tələbələrə göstərilən xidmətlərin keyfiyyətinin, operativliyinin və şəffaflığının artırılmasına yönəlmiş yeni rəqəmsal yanaşmadır. Tələbə ilə universitet arasında kommunikasiyanı sürətləndirən myUNEC məlumatı daha əlçatan, xidmətləri isə daha çevik edir.
Tətbiqi App Store və Google Play platformalarından yükləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az