Şamaxı, 12 sentyabr, AZƏRTAC
Şamaxıda infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə toplantı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in və Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə səhiyyə müəssisələrində çalışan həkimlər və tibb mütəxəssisləri iştirak ediblər.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev belə elmi və maarifləndirici tədbirlərin tibb mütəxəssisləri arasında təcrübə və bilik mübadiləsinin aparılması, müasir tibbi yanaşmaların öyrənilməsi, eləcə də infeksion xəstəliklərin profilaktikası və müalicəsi sahəsində peşəkar biliklərin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirin elmi proqramında infeksion xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi, peyvəndləmə, eləcə də xəstəliklərin idarə olunması ilə bağlı aktual mövzular müzakirə edilib.
Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin sədri, infeksionist Vasif Əliyev “Azərbaycanda infeksion xəstəliklərin idarə edilməsinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. O, ölkədə infeksion xəstəliklərlə mübarizənin tarixi inkişaf mərhələləri, bu istiqamətdə görülən işlər və səhiyyə sistemində formalaşan yanaşmalar barədə məlumat verib.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri, infeksionist Yaqut Qarayeva “Quduzluğun profilaktikası” mövzusunda çıxış edib. Məruzədə quduzluğun qarşısının alınmasında profilaktik tədbirlərin, heyvan dişləmələri zamanı vaxtında tibbi yardıma müraciətin və düzgün tibbi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Botulizmin diaqnostikası və müalicəsi” mövzusunda məruzəsində xəstəliyin əsas xüsusiyyətləri, diaqnostikası və müalicə prinsipləri barədə məlumat verib.
Çıxışların ardından sual-cavab sessiyaları keçirilib. İştirakçıların məruzələrdə təqdim olunan mövzularla bağlı sualları cavablandırılıb, praktik məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müxbir- Rəşad Türkoğlu