Bakı, 25 sentyabr, AZƏRTAC
AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.
“Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və rabitə” zalında nümayiş etdirilən maraqlı eksponatlardan biri diametri cəmi altı santimetr olan kompasdır. Əldə edilmiş məlumatlara görə, bu naviqasiya cihazı 1740-1772-ci illər arasında elmi alətlər üzrə tanınmış ingilis ustası Corc Adams tərəfindən hazırlanıb.
AZƏRTAC bu qeyri-adi cihazın necə işlədiyini və dəniz naviqasiyasının inkişafı barədə nələr söyləyə biləcəyini təqdim edir.
XVIII əsrə aid maqnit kompası həmin dövrdə naviqasiya və elmi alətlərin inkişafını əks etdirən tarixi nümunədir. Dövrümüzədək qorunub saxlanılan bu cihaz naviqasiya funksiyalarının coğrafiya və astronomiyanın öyrənilməsinə xidmət edən alətlərlə necə tamamlandığını təsəvvür etməyə imkan verir.
Adams XVIII əsrin tanınmış ingilis elmi alət ustalarından biri olub. O, Londonda çalışıb, mikroskoplar, riyazi və astronomik alətlər, həmçinin yer və səma qlobusları hazırlayıb. Sonralar III Georqun riyazi alətlər ustası olub. Adams 1766-cı ildə qlobusların quruluşu və istifadəsinə həsr olunmuş əsərini nəşr etdirib.
Kompas maqnitləşdirilmiş əqrəbin sərbəst hərəkəti prinsipi ilə işləyib. Əqrəb Yerin maqnit sahəsinin təsiri ilə coğrafi səmtləri göstərir və bununla hərəkət istiqamətini müəyyən etməyə imkan verir.
Eyni zamanda, bu nümunə yalnız yaşı və mənşəyi ilə deyil, ilkin təyinatı ilə də maraq doğurur. Əsas xüsusiyyəti ondan ibarətdir ki, cihaz müstəqil cib kompası kimi deyil, daha böyük bir konstruksiyanın tərkib hissəsi kimi istifadə olunub. Korpusun aşağı hissəsindəki bərkitmə izləri göstərir ki, cihaz Corc Adams tərəfindən hazırlanmış Yer qlobusunun altlığında quraşdırılıb.
Qlobus və kompasın bu kobinasiyası coğrafi obyektləri öyrənməyə və əsas istiqamətləri müəyyən etməyə imkan verirdi. Beləliklə, cihaz coğrafiya, naviqasiya və astronomiyanın öyrənilməsində istifadə oluna bilən elmi alətin bir hissəsi idi.
Eksponatın vəziyyəti də xüsusi diqqətəlayiqdir. O, işlək vəziyyətdə qorunub saxlanılıb və mövcud məlumatlara görə, heç vaxt təmir edilməyib. XVIII əsrə aid bu qədər kiçik bir əşyanın ilkin elementlərinin və işlək vəziyyətinin qorunub saxlanılması xüsusi maraq doğurur.
Bu gün həmin kompas naviqasiya və elmi alətlərin tarixindən bəhs edən muzey kolleksiyasının bir hissəsidir. Onun qorunub saxlanılan konstruksiyası bizə nəinki qədim cihazı görmək, həm də qlobusların və naviqasiya alətlərinin ətraf aləmin öyrənilməsində mühüm rol oynadığı dövrdə bu cihazdan necə istifadə edildiyini anlamağa imkan verir.