Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıq və fədakarlıq gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm örnəkdir. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Tədbirdə şəhid ailə üzvləri və qaziləri olan kitabxana əməkdaşlarının çıxışları dinlənilib. Çıxışlarda şəhid və qazilərin həyat yolu, Vətənə bağlılığı, döyüşlərdə göstərdikləri şücaət və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda xidmətləri barədə məlumat verilib.
Vətən müharibəsi iştirakçılarının həyat və döyüş yolunu əks etdirən videoçarxlar nümayiş olunub, şəhid və qazilərin qəhrəmanlığından bəhs edən foto və slaydlar təqdim edilib.
Tədbirdə, həmçinin Vətən müharibəsi və milli mübarizə tarixini əks etdirən ədəbiyyat nümunələrinin uşaqlar və yeniyetmələr arasında təbliğinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, kitab və mütaliə vasitəsilə tarixi yaddaşın qorunması, şəhidlərimizin həyat və mübarizə yolunun gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.