Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanda 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramını ölkəmizin iqtisadi inkişafının yeni mərhələsinə hesablanmış önəmli sənəd kimi qiymətləndirirəm. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, söhbət ölkəmizdə yeni, çağdaş sənaye istiqamətinin yaradılmasından gedir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova deyib.
O bildirib ki, Dövlət Proqramının özəlliklərindən biri onun iqtisadi və sosial hədəfləri uzlaşdırmasıdır: “Təbii sərvətlərin səmərəli işlənməsi, hasilatdan emala və son məhsuladək tam istehsal zəncirinin yaradılması qeyri-neft sektorunun inkişafına yeni təkan verməklə yanaşı, bölgələrdə iqtisadi fəallığın və məşğulluğun artmasına xidmət edəcək. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması bunun konkret ifadəsidir.
Beş min yeni iş yeri minlərlə ailənin gəliri, insanların öz doğma bölgələrində çalışmaq imkanı, bölgələrdən böyük şəhərlərə əmək miqrasiyasının azalması və yerli insan kapitalının inkişafı deməkdir. İqtisadi inkişafın nəticəsi insanın həyatında, ailənin rifahında hiss olunmalıdır. Məsələyə vətəndaş cəmiyyəti prizmasından yanaşdıqda Proqramın sosial dəyərini məhz burada görürük”.
Onun sözlərinə görə, Proqramın cəmi dörd il ərzində həyata keçirilməsinin nəzərdə tutulması da qarşıya qoyulan hədəflərin konkretliyini göstərir: “Dövlətimizin başçısının vurğuladığı kimi, proqramların maliyyə təminatı ilə yanaşı, icra və nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi nəticəyönümlü yanaşmanı gücləndirir.
Dağ-mədən sənayesi yalnız mədənin özündən ibarət deyil. Yeni istehsal müəssisələri yol, enerji, nəqliyyat-logistika, xidmət, mühəndislik, təchizat və digər sahələrdə də iqtisadi fəallıq yaradır. Bu baxımdan, Proqramın təsiri birbaşa dağ-mədən və metallurgiya sektorunun hüdudlarından daha geniş olacaq.
Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bunun önəmi var. Kəlbəcər, Ağdərə və Zəngilandakı qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə qaytarılması həm təbii sərvətlərimiz üzərində suveren hüquqlarımızın həyata keçirilməsi, həm də həmin ərazilərdə məşğulluğun, iqtisadi həyatın bərpası baxımından önəmlidir”.
İctimai Birliyin sədri bildirib ki, Böyük Qayıdış davam və inkişaf xətti üzrə irəliləyir və qayıdan insanlar üçün iş yerlərinin, dayanıqlı gəlir mənbələrinin və iqtisadi perspektivlərin yaradılması da bu prosesin mühüm tərkib hissəsidir. Yeni Dövlət Proqramının Qarabağ və Şərqi Zəngəzur üçün önəmini də məhz bu kontekstdə görmək lazımdır .
Ekspertin fikrincə, digər önəmli məsələ xammal ixrac edən iqtisadi modeldən daha yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidin gücləndirilməsidir.
O qeyd edib ki, iqtisadi faydanın digər mühüm şərti inkişafın insan və təbiətlə uzlaşdırılmasıdır: “Əsas sərvət yalnız yerin altında olan resurslar deyil, bütövlükdə Azərbaycanın təbii sərvətləri və ekoloji mühitidir. Bu, Dövlət Proqramının çox önəmli prinsiplərindən birini ifadə edir. Dağ-mədən layihələrinin ən yüksək ekoloji standartlara uyğun həyata keçirilməsi həm dövlətin, həm biznesin, həm də vətəndaş cəmiyyətinin ortaq marağında olmalıdır”.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi iqtisadi maarifləndirməyə hər zaman insan rifahı və vətəndaş məsuliyyəti prizmasından yanaşıb. İqtisadiyyatı güclü dövlətin sosial imkanları, regional inkişaf potensialı və vətəndaşının rifahını yüksəltmək imkanları da daha geniş olur.
Bu anlamda yeni Dövlət Proqramının mahiyyətini bir cümləyə sığdırmağa çalışaq: yerin altındakı milli sərvət yerin üstündə iqtisadi gücə, yeni sənayeyə, iş yerinə və insan rifahına çevrilməlidir. Düşünürəm ki, Proqramın uğurlu icrası nəticəsində dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni güc mərkəzlərindən birinə çevrilə bilər”, – deyə Arzu Bağırova vurğulayıb.