Qazax, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru Allahverdi Musayev Anım Günü barədə danışıb.
Qeyd edək ki, “Şəhid atası” tamaşası yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.
Səhnə əsərində rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Minayə İbrahimova, Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Rüfət Eminalıyev və Xaqan Qurbanov ifa ediblər.
Tamaşanı ictimaiyyət nümayəndələri ilə yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları və qazilər də izləyiblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Müxbir - Ruslan Novruzoğlu