AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

27.09.2026 [11:25]

Bakı, 27 sentyabr, AZƏRTAC

Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiya Parlament Assambleyasının (APA) Sosial və Mədəni Məsələlər üzrə Daimi Komitəsinin iclası keçirilir. İclasda APA üzvü olan 22 dövlətin nümayəndə heyətləri iştirak edir.
AZƏRTAC-ın xəbərində görə, Milli Məclisi APA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Rizvan Nəbiyev təmsil edir.
İclas çərçivəsində Asiya ölkələrini əhatə edən sosial, mədəni, humanitar və qanunvericilik məsələləri ilə bağlı 16 qətnamə layihəsi qəbul olunub.
Qətnamələr Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, mədəni müxtəlifliyin və mədəni irsin qorunması, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə, səhiyyə və insan inkişafı, qadınların və gənclərin cəmiyyətdə rolunun gücləndirilməsi, yaşlı insanların hüquq və rifahının təmin edilməsi, turizm sahəsində əməkdaşlığın inkişafı və digər mühüm məsələləri əhatə edib.
Rizvan Nəbiyev Komitə iclasında çıxış edib, bir sıra qətnamələr üzrə Azərbaycanın təkliflərini diqqətə çatdırıb.
Deputat çıxışına sentyabrın 9-da dövlət müstəqilliyinin 35-ci ildönümünü qeyd edən Tacikistanın bu əlamətdar yubileyi münasibətilə Prezident İlham Əliyevin Prezident Emoməli Rəhmona ünvanladığı təbrik məktubuna istinadla başlayaraq, Tacikistanın regional və beynəlxalq müstəvidə fəal və konstruktiv rolunu vurğulayıb.
Rizvan Nəbiyev "Sülh, Tolerantlıq və Xalqların Mədəni Dəyərlərinə Hörmət Mədəniyyətinin Gücləndirilməsi haqqında” yeni qətnamə layihəsinə dəstək ifadə edib.
Bildirilib ki, Tacikistan tərəfindən BMT Baş Assambleyasında irəli sürülmüş bu təşəbbüs Azərbaycan və digər APA üzv dövlətləri tərəfindən həmmüəllif kimi dəstəklənib.
Onun sözlərinə görə, sülhün dayanıqlı olması üçün barışıq və etimadın möhkəmləndirilməsi, postmünaqişə ərazilərinin yenidən qurulması, humanitar minatəmizləmə, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı və reinteqrasiyası, regional bağlantıların inkişafı və dayanıqlı iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın postmünaqişə təcrübəsinə toxunan deputat bildirib ki, Ermənistanın uzunmüddətli işğalı Azərbaycanın tarixi, dini və mədəni irsinə ciddi ziyan vurub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma, dini və mədəni irsin dirçəldilməsi, eləcə də humanitar minatəmizləmə işləri həyata keçirilir.
Rizvan Nəbiyev Azərbaycanın sülh gündəliyinə diqqət çəkərək deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi çıxış edib.
2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin mətninin paraflanmasının sülh prosesində mühüm mərhələ olduğunu vurğulanıb.
Qeyd edilib ki, sülh prosesi yalnız siyasi razılaşmalarla məhdudlaşmamalı, konkret “sülh dividendləri” ilə müşayiət olunmalıdır.
Bu baxımdan Zəngəzur dəhlizinin açılması regional bağlantıların gücləndirilməsinə, region daxilində və onun hüdudlarından kənarda ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edəcək.
Azərbaycanın rəqəmsallaşma gündəliyinin “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası” adlı APA Qətnaməsinin məqsədləri ilə yaxından uzlaşdığı da bildirilib.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə yaradılan Rəqəmsal İnkişaf Şurası rəqəmsal inkişaf siyasətinin əlaqələndirilməsinə, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə və strateji rəqəmsal layihələrin icrasına nəzarətə xüsusi diqqət yetirir.
Müasir çağırışlara cavab vermək üçün rəqəmsal inkişaf sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrini əhatə edən 58 təşəbbüsü özündə birləşdirir. Bu təşəbbüslər sırasında Milli Məlumat Mərkəzinin (National Data Hub) yaradılması da nəzərdə tutulur.
Vurğulanıb ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi Azərbaycanın rəqəmsal inkişaf siyasətinin əsas prioritetləri olaraq qalır.
Deputat mədəniyyətlər və dinlərarası dialoq naminə Prezident İlham Əliyevin təşəbbüsü olan "Bakı Prosesi" barədə danışıb. Bildirib ki, İslam dünyasının üzləşdiyi çağırışların həllində dialoq, həmrəylik və əlaqələndirilmiş fəaliyyət mühüm əhəmiyyət daşıyır.
Asiya ölkələri arasında parlament diplomatiyasının gücləndirilməsinin zəruriliyini vurğulayan deputatın sözlərinə görə, 44 ölkəni birləşdirən Asiya Parlament Assambleyası parlamentlərarası səylərin əlaqələndirilməsi, dialoqun genişləndirilməsi və ortaq dəyərlərin konkret əməkdaşlıq istiqamətlərinə çevrilməsi baxımından mühüm platforma olaraq qalır.
Daimi Komitə iclasının açılışında Tacikistan Nümayəndələr Məclisinin sədri Faizali İdizoda, APA-nın Baş katibi Macidi, Tacikistan Prezidentinin hüquqi məsələlər üzrə köməkçisi və parlamentlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Zarif Alizoda, APA Prezidentinin nümayəndəsi, Bəhreyn parlamentinin üzvü Ahmed Al-Saloum çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az