Pekin, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Bünyad Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan mübarizənin arxasında illərlə aparılmış dövlət və ordu quruculuğu, diplomatik fəaliyyət və ən əsası, xalqımızın Vətənə bağlılığının dayandığını vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib və Azərbaycan Ordusunun peşəkar əsaslar üzərində formalaşmasının təməlini qoyub. Sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilib.
“Vətən müharibəsi bizə bir daha göstərdi ki, xalq öz dövlətinin və ordusunun ətrafında birləşəndə, qarşıya qoyulan hədəf milli məqsədə çevriləndə ən böyük çətinliklərin də öhdəsindən gəlmək mümkündür”, - deyən səfir əlavə edib ki, əldə olunmuş qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizin misilsiz rəşadəti, şəhidlərimizin fədakarlığı, xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində mümkün olub.
Vətən müharibəsinin iştirakçısı, Azərbaycanın Çindəki hərbi attaşesi Teyfur Rüstəmov 44 gün davam edən Vətən müharibəsinin dövlətimizin qüdrətinin, xalqımızın həmrəyliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığının və vətənpərvərliyinin təcəssümü olduğunu bildirib.
Sonra Vətən müharibəsindəki şanlı Zəfərimizə həsr olunan film nümayiş olunub, şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.