AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

27.09.2026 [11:34]

Strasburq, 27 sentyabr, AZƏRTAC
Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daimi nümayəndəliyin müvəqqəti işlər vəkili Ziya Fətəliyev 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və qələbəyə aparan yoldan danışıb.
Çıxışda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin otuzillik işğala son qoyduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr yaratdığı vurğulanıb. Həmçinin hərbi uğurların diplomatik müstəvidə əldə olunan nəticələrlə tamamlandığı və Azərbaycanın regionda yeni reallıqların formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Ziya Fətəliyev şəhidlərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirərək, onların Vətən uğrunda fədakarlığının hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediləcəyini vurğulayıb.
Tədbirin sonunda Vətən müharibəsinə və şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az