Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan və Hindistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və qeyri-neft sektoruna investisiyalar iki ölkə arasında tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub anlayışı inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə rolunun artırılması, kapitala, texnologiyaya və bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Hindistan böyük sənaye bazarı, geniş istehlakçı kütləsi və inkişaf etmiş texnologiya sektoru ilə seçilir. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və regional bazarlara çıxış imkanları ilə fərqlənir. Azərbaycanın Orta Dəhlizin inkişafında iştirakı və Ələt Azad İqtisadi Zonasının imkanları Hindistan şirkətləri üçün Avropa və Avrasiya bazarlarına çıxış baxımından maraq doğurur. Eyni zamanda, Hindistanın istehsal və texnologiya potensialı Azərbaycanda qeyri-neft sənayesinin inkişafına töhfə verə bilər. Neft-qaz layihələrində iştirak tərəflər arasında uzunmüddətli investisiya əlaqələrini gücləndirir. Azərbaycan Hindistan üçün enerji təchizatı mənbələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli tərəfdaş ola bilər. Bununla yanaşı, əməkdaşlığın əhatə dairəsini genişləndirmək üçün neft-qaz avadanlıqlarının istehsalı, mühəndislik xidmətləri, geoloji tədqiqatlar və enerji infrastrukturunun modernləşdirilməsi kimi sahələrdə imkanlar araşdırılmalıdır”, - deyə Samir Heydərov qeyd edib.
İqtisadçı bildirib ki, xarici investisiyalar yalnız maliyyə vəsaitlərinin cəlb olunması deyil, həm də texnologiyanın, idarəetmə təcrübəsinin və beynəlxalq bazarlara çıxış imkanlarının ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir: “İnvestisiya sazişlərinin dəyəri ilə faktiki yatırılmış vəsait arasında fərqə diqqət yetirilməlidir. Azərbaycan-Hindistan əməkdaşlığının genişləndirilməsi üçün beş istiqamət xüsusilə perspektivlidir. Bunlardan birincisi nəqliyyat və logistikadır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Hindistan şirkətləri ilə liman xidmətləri, logistika mərkəzləri, anbar infrastrukturu, rəqəmsal gömrük həlləri və multimodal daşımalar sahəsində əməkdaşlığa imkan yaradır. İkinci istiqamət sənaye və istehsaldır. Hindistanın qablaşdırma, əczaçılıq, kimya, elektronika və avtomobil komponentləri istehsalı sahələrindəki təcrübəsi Azərbaycanda birgə müəssisələrin yaradılması üçün imkanlar aça bilər. Ələt Azad İqtisadi Zonası və sənaye parkları regional istehsal və ixrac mərkəzlərinin formalaşdırılması baxımından əhəmiyyətli platformalar kimi çıxış edə bilər.
Üçüncü perspektivli istiqamət kənd təsərrüfatı və qida sənayesidir. Hindistanın aqrar texnologiyalar, suvarma sistemləri, toxumçuluq, kənd təsərrüfatı texnikası və ərzaq emalı sahələrindəki təcrübəsindən istifadə etmək mümkündür. Meyvə-tərəvəzin dondurulması və qablaşdırılması, konserv istehsalı, soyuducu anbarların yaradılması və müasir suvarma texnologiyalarının tətbiqi məhsuldarlığın və ixrac gəlirlərinin artmasına kömək edə bilər. Dördüncü istiqamət turizm və xidmətlərdir. Hindistanın böyük turizm bazarı Azərbaycan üçün yeni imkanlar yaradır. Mədəniyyət, şəhər, dağ, sağlamlıq və tədbir turizmi üzrə cəlbedici məhsulların hazırlanması, birbaşa aviareyslərin inkişafı və turizm şirkətləri arasında tərəfdaşlığın gücləndirilməsi hindistanlı turistlərin ölkəmizə marağını artıra bilər”.