Ayzenax, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Almaniyanın Ayzenax şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) 6-cı illik konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyada fəaliyyət göstərən, eləcə də Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada və Türkiyədən dəvət olunmuş tanınmış azərbaycanlı həkimlər, alimlər və tibb mütəxəssisləri iştirak ediblər.
“Altı il AMD – Bilikləri paylaşaq. İnsanları birləşdirək. Gələcəyi birlikdə quraq” devizi altında keçirilən konfransın əsas məqsədi elmi və peşəkar təcrübə mübadiləsini təşviq etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və tibb ictimaiyyətinin qarşılaşdığı müasir çağırışları müzakirə etmək olub.
Konfransda tibbin müxtəlif sahələrində əldə edilmiş yeniliklər, klinik təcrübələr, peşəkar inkişaf imkanları və səhiyyənin gələcəyinə təsir göstərən texnologiyalar nəzərdən keçirilib. Əsas panel müzakirələrindən biri “Tibb də süni intellekt, robot-assistli müalicə və müasir tədris texnologiyaları” mövzusuna həsr olunub. Panel sessiyasında yeni texnologiyaların diaqnostika, müalicə, tibbi təhsil və gələcək həkim hazırlığına təsiri barədə fikir mübadiləsi aparılıb.
Digər panel iclası isə “Almaniyada tibdə özəl fəaliyyət: üstünlüklər və çətinliklər” mövzusunu əhatə edib. Məruzə və çıxışlarda Almaniyada tibbi fəaliyyətin təşkili, karyera imkanları, sahibkarlıq və səhiyyə sisteminin praktik xüsusiyyətlərindən söz açılıb. Konfrans çərçivəsində həkimlərin peşəkar və maliyyə planlaşdırılması ilə bağlı xüsusi təqdimat da böyük maraqla qarşılanıb.
AMD-nin illik konfransı müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər arasında yeni əlaqələrin qurulması, birgə təşəbbüslərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının formalaşdırılması üçün vacib platforma rolunu oynayır. Xüsusilə gənc həkimlər və tibb tələbələri üçün təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət, Almaniyada karyera və ixtisaslaşma imkanları haqqında məlumat əldə etmək baxımından konfrans mühüm əhəmiyyət daşıyır.
Tədbirdə elmi proqramla yanaşı, AMD-nin həqiqi üzvlərinin ümumi yığıncağı da keçirilib. Günün sonunda iştirakçılar üçün mədəni-əyləncəli proqram təşkil olunub. Eyni zamanda, uşaqlı həkimlərin iştirak imkanını asanlaşdırmaq məqsədilə uşaqlar üçün də xüsusi proqram hazırlanıb.
Qeyd edək ki, 2020-ci ildə yaradılan AMD Almaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimləri, stomatoloqları, alimləri və tibb tələbələrini birləşdirən qeyri-kommersiya təşkilatıdır. Birlik ötən illər ərzində tibbi-elmi konfranslar, peşəkar görüşlər, maarifləndirici təşəbbüslər və beynəlxalq əlaqələrin inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirib. AMD-nin fəaliyyətində gənc azərbaycanlı həkimlərin Almaniya səhiyyə sisteminə inteqrasiyasına dəstək, peşəkar təcrübə mübadiləsi, elmi fəaliyyətə təşviq və təcrübəli həmkarlarla yeni nəsil mütəxəssislər arasında əlaqələrin yaradılması xüsusi yer tutur. Təşkilat, həmçinin Almaniyada qazanılan tibbi və elmi təcrübənin Azərbaycanla paylaşılmasına, iki ölkənin mütəxəssisləri və qurumları arasında əməkdaşlığın gücləndirilməsinə çalışır. Altı illik fəaliyyətini qeyd edən AMD bundan sonra da Azərbaycan tibb diasporunun peşəkar potensialının inkişafına, gənc həkimlərin dəstəklənməsinə və beynəlxalq tibbi-elmi əməkdaşlığın genişləndirilməsinə xidmət etməyi hədəfləyir.