AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib

26.10.2026 [16:23]

Bakı, 26 oktyabr, AZƏRTAC

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, paneldə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev çıxış ediblər. Çıxışlarda Azərbaycanla İraq türkmanları arasında ortaq dəyərlər, tarixi bağlılıq və ədəbi əlaqələrin genişliyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinin tarixi qədim dövrlərə, Nizami Gəncəvi və Xaqani Şirvani yaradıcılığına qədər uzanır. Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” və “Mədain xərabələri” əsərlərinin İraqla bağlılığı vurğulanıb. Qeyd edilib ki, XVI əsrin ikinci yarısına qədər İraq coğrafiyasında yaranan anadilli ədəbiyyat Azərbaycan ədəbiyyatının tərkib hissəsi olub. Sonrakı dövrdə ictimai-siyasi hadisələrin təsiri ilə İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatından ayrılıb. XX əsrin 50-60-cı illərində isə bu ədəbi əlaqələr yenidən bərpa olunub və həmin dövrdən etibarən inkişaf edərək bu günədək davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az