Bakı, 26 oktyabr, AZƏRTAC
Məktəb həyatına uyğunlaşma uşaqların gündəlik rejimində, sosial münasibətlərində və emosional vəziyyətində müəyyən dəyişikliklərlə müşayiət olunur. Bu dövrdə yuxu rejiminin düzgün qurulması, dərs və istirahət vaxtının tarazlaşdırılması, rəqəmsal cihazlardan istifadəyə nəzarət və valideyn-övlad münasibətlərində etimadın qorunması xüsusi əhəmiyyət daşıyır. Bəs valideynlər övladlarının məktəb rejiminə sağlam uyğunlaşması üçün nəyi nəzərə almalı, onların təhsil və inkişaf prosesində hansı yanaşmaya üstünlük verməlidirlər?
Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, məktəb rejiminə uyğunlaşma dövründə uşağın dərsləri ilə yanaşı, emosional vəziyyətinə, yuxusuna, qidalanmasına və istirahətinə də diqqət yetirilməlidir. Bu mərhələdə əsas məqsəd uşağın məktəb mühitində özünü rahat və güvəndə hiss etməsini təmin etməkdir. Valideynlər övladlarından qısa müddətdə yüksək nəticələr gözləməməli, onların yeni rejimə və məktəb mühitinə alışması üçün vaxt ayırmalıdırlar. Uşağın özünü rahat hiss etməsi, müəllim və sinif yoldaşları ilə münasibətlərinin formalaşması təlim prosesinə də müsbət təsir göstərir.
Psixoloq qeyd edib ki, məktəbyaşlı uşaqların yaş xüsusiyyətlərinə uyğun yuxu rejiminin qurulması onların fiziki və psixoloji vəziyyətinin qorunmasında mühüm rol oynayır. İbtidai sinif şagirdlərinin adətən 9-12 saat, yeniyetmələrin isə 8-10 saat yatması tövsiyə olunur. Tədris ili başlamazdan əvvəl və tətil müddətindən sonra yuxu və oyanma saatlarının tədricən məktəb rejiminə uyğunlaşdırılması uşaqların gündəlik həyata alışmasını asanlaşdırır. Yatmazdan əvvəl sakit mühitin yaradılması, uşağın narahatlıq və gərginlik yaşamasına səbəb ola biləcək hallardan uzaq tutulması da vacibdir. Yuxudan əvvəl rəqəmsal cihazlardan istifadəni məhdudlaşdırmaq və uşağın istirahətinə mane olan amilləri azaltmaq lazımdır.
Rəqəmsal cihazlardan istifadəyə nəzarət vacibdir
Psixoloq rəqəmsal cihazlardan istifadəyə münasibətdə qadağalardan daha çox, uşağın yaşına və gündəlik fəaliyyətlərinə uyğun qaydaların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, müasir dövrdə uşaqları texnologiyadan tamamilə uzaq tutmaq əvəzinə, onların elektron cihazlardan hansı məqsədlə və nə qədər müddətdə istifadə edəcəyini müəyyənləşdirmək daha məqsədəuyğundur. Valideynlər övladları ilə razılaşdırılmış istifadə qaydaları müəyyənləşdirməli, bu zaman dərs saatlarını, istirahəti və digər məşğələləri nəzərə almalıdırlar. Ekran qarşısında keçirilən vaxt uşağın yuxusunu, fiziki fəallığını, dərslərini və canlı ünsiyyət ehtiyacını əvəz etməməlidir. Valideynlərin gündəlik qayğılar səbəbindən uşaqlarla ünsiyyətə kifayət qədər vaxt ayıra bilməməsi bəzən elektron cihazların canlı ünsiyyətin əvəzinə istifadəsinə gətirib çıxarır. Xüsusilə kiçikyaşlı uşaqların yemək zamanı telefon və ya planşetdən istifadə etməsi məqsədəuyğun deyil. Valideynlər özləri də övladlarına qoyduqları məhdudiyyətlərə əməl etməli, rəqəmsal cihazlardan düzgün istifadə məsələsində şəxsi davranışları ilə nümunə göstərməlidirlər.
Əlavə məşğələlər uşağın fərdi xüsusiyyətlərinə uyğun seçilməlidir
Aynurə Məmmədova bildirib ki, uşağın uğurlu inkişafını yalnız əlavə məşğələlərin sayı ilə əlaqələndirmək düzgün deyil. Bəzi valideynlər övladlarının yüksək nəticələr əldə etməsi məqsədilə onları eyni vaxtda bir neçə məşğələyə yönləndirir, istirahət və sərbəst oyun üçün kifayət qədər vaxt ayırmırlar. Halbuki həddindən artıq dərs və məşğələ yükü yorğunluğun artmasına, öyrənmə motivasiyasının azalmasına və yuxu problemlərinə səbəb ola bilər. Əlavə məşğələlər seçilərkən uşağın yaşı, maraqları, fərdi xüsusiyyətləri və psixoloji ehtiyacları nəzərə alınmalıdır. Uşağın xarakterinə və ehtiyaclarına uyğun olmayan fəaliyyətə yönləndirilməsi gözlənilən nəticəni verməyə, əksinə, onun özünəinamına mənfi təsir göstərməyə bilər. Buna görə də valideynlərin əlavə fəaliyyət seçimi zamanı idman müəllimi, sinif rəhbəri və ya məktəb psixoloqu ilə məsləhətləşməsi faydalıdır.
Uşağın məktəbə getmək istəməməsinin səbəbi araşdırılmalıdır
Psixoloq qeyd edib ki, uşaq məktəbə getmək istəmədiyini bildirdikdə valideyn, ilk növbədə, bu davranışın səbəblərini müəyyənləşdirməyə çalışmalıdır. Belə münasibət uğursuzluq qorxusu, valideyndən ayrılmaqla bağlı narahatlıq, dərs yükünün ağırlığı, yorğunluq və ya məktəbdə yaranan sosial problemlərlə əlaqəli ola bilər. Xüsusilə sinif yoldaşları ilə münasibətlərdəki çətinliklər və bullinq uşağın məktəbə münasibətinə mənfi təsir göstərə bilər. Belə hallarda uşağın hiss və düşüncələrini sərbəst ifadə edə bilməsi üçün onunla sakit və səmimi ünsiyyət qurulmalıdır. Problemin səbəblərini aydınlaşdırmaq üçün valideyn sinif rəhbəri və məktəb psixoloqu ilə əməkdaşlıq etməli, zərurət olduqda uşağın məktəb mühitindəki münasibətlərini və onu narahat edən digər amilləri araşdırmalıdır.
Qiymətlər uşağın şəxsi keyfiyyətlərini müəyyənləşdirmir
Psixoloq uşaqların akademik nəticələrinin qiymətləndirilməsi zamanı valideynlərin yanaşmasının onların özünəinamına və öyrənmə motivasiyasına təsir etdiyini bildirib. Onun sözlərinə görə, qiymət şagirdin müəyyən mərhələdəki bilik səviyyəsini əks etdirən göstəricidir, lakin uşağın şəxsi keyfiyyətlərini və gələcək imkanlarını bütövlükdə müəyyənləşdirmir. Aşağı qiymət alan uşağı başqaları ilə müqayisə etmək, tənqid etmək və cəzalandırmaq əvəzinə, onun qarşılaşdığı çətinliklərin səbəblərini araşdırmaq daha məqsədəuyğundur. Valideyn uşağın hansı mövzularda çətinlik çəkdiyini müəyyənləşdirməli, ehtiyac olduqda müəllimlər və məktəb psixoloqu ilə əməkdaşlıq edərək ona dəstək göstərməlidir. Akademik nəticələrlə bağlı gözləntilər uşağın fərdi imkanlarına və inkişaf səviyyəsinə uyğun müəyyənləşdirilməlidir. Onun səylərini və irəliləyişini qiymətləndirmək, kiçik nailiyyətlərini belə nəzərə almaq özünəinamın güclənməsinə və uğursuzluq qorxusunun azalmasına kömək edir.
Uşaqlarda məsuliyyət hissi tədricən formalaşdırılmalıdır
Müsahibimiz bildirib ki, valideyn uşağın təhsil prosesində dəstəkləyici mövqe tutmaqla yanaşı, onun yaşına uyğun məsuliyyət daşımasına da imkan yaratmalıdır. Uşağın bütün gündəlik işlərini valideynin yerinə yetirməsi müstəqillik və qərarvermə bacarıqlarının inkişafını məhdudlaşdıra bilər. Məsuliyyət hissinin formalaşdırılmasına erkən yaşlardan başlamaq mümkündür. Məsələn, məktəbli sabahkı dərslərini müəyyənləşdirmək, dərs cədvəlinə uyğun kitab və dəftərlərini çantasına yığmaq kimi gündəlik işlərdə iştirak etməlidir. Bu cür sadə addımlar uşağın öz fəaliyyətini planlaşdırmaq, seçim etmək və üzərinə düşən vəzifələri yerinə yetirmək bacarıqlarını inkişaf etdirir. Uşağa müstəqillik vermək onu nəzarətsiz və dəstəksiz qoymaq demək deyil. Valideyn uşağın yaşına uyğun qərarlar qəbul etməsinə şərait yaratmalı, eyni zamanda, onun təhlükəsizliyini və psixoloji vəziyyətini diqqətdə saxlamalıdır. Zorakılıq, bullinq və ya digər təhlükəsizlik problemləri müşahidə olunduqda, eləcə də uşağın davranışında və emosional vəziyyətində ciddi dəyişikliklər yarandıqda valideynin vaxtında müdaxiləsi və məktəblə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.
Psixoloq tövsiyə edib ki, uşağın məktəbə uyğunlaşması yalnız qiymətlər və akademik nəticələr əsasında qiymətləndirilməsin. Onun məktəbə münasibəti, həmyaşıdları ilə ünsiyyəti və emosional rahatlığı da nəzərə alınmalıdır. Uşağa etibar göstərilməsi, onun fikirlərinin dinlənilməsi, səylərinin dəyərləndirilməsi və yaşına uyğun məsuliyyət verilməsi məktəb həyatına sağlam uyğunlaşmanın əsas şərtlərindəndir.
Müxbir-Nərmin Muradzadə