Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “Peşəkar karyera” layihəsi çərçivəsində “Problem həlletmə” mövzusunda təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, layihə Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitetin tələbələrinin yumşaq bacarıqlarını əmək bazarının real tələbləri ilə müqayisə etməyi və müəyyən olunmuş ehtiyaclar əsasında təlimlərin təşkilini nəzərdə tutur.
Təlimin əvvəlində Milli Observatoriyanın Əmək bazarının qiymətləndirilməsi departamentinin müdiri Turan Ömərova layihənin məqsədindən danışıb. O bildirib ki, əsas hədəf gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına kömək etmək və işəgötürənlərin ixtisaslı kadrlarla təmin olunma imkanlarını genişləndirməkdir.
Milli Observatoriyanın əməkdaşı Ziyafət Mustafayeva müasir əmək bazarında problem həlletmə bacarığının əhəmiyyəti, iş prosesindəki çətinliklərin sistemli təhlili və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib. Görüşdə problemlərin səbəbinin müəyyənləşdirilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və ən uyğun alternativ həll variantının seçilməsi məsələləri müzakirə olunub.
İnteraktiv formatda keçirilən təlimdə tələbələrin analitik düşünmə, fərqli situasiyalarda müstəqil qərarvermə və problemlərə sistemli yanaşma bacarıqlarının gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.