AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışın uğuru dayanıqlı məşğulluq və sosial xidmətlərlə ölçülməlidir - ŞƏRH

26.10.2026 [19:07]

Bakı, 26 oktyabr, AZƏRTAC

Böyük Qayıdış Azərbaycanın qarşısında duran ən mühüm strateji vəzifələrdən biridir. Bu prosesin uğuru yalnız keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması ilə deyil, həmin ərazilərdə dayanıqlı məşğulluğun, sahibkarlığın, yerli iqtisadi fəaliyyətin və keyfiyyətli sosial xidmətlərin formalaşması ilə ölçülməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva səsləndirib.
O bildirib ki, əsas məqsəd insanların yalnız doğma yurdlarına qayıtması deyil, həm də burada əmək fəaliyyəti ilə məşğul olması, ailələrinin rifahını təmin etməsi və yerli iqtisadiyyatın inkişafına töhfə verməsidir. Bu baxımdan Böyük Qayıdışın növbəti mərhələsi yeni iş yerlərinin yaradılmasını və özünüməşğulluq imkanlarının genişləndirilməsini nəzərdə tutur.
R.Abdullayeva qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın canlandırılması, ilk növbədə, əmək bazarının formalaşdırılmasından asılıdır. Doğma torpaqlarına qayıdan əhalinin davamlı gəlir mənbələrinə çıxışının təmin edilməsi həm sosial rifahın yüksəldilməsi, həm də yeni yaşayış məntəqələrinin uzunmüddətli inkişafı baxımından vacibdir.
Professorun fikrincə, bu məqsədlə kənd təsərrüfatı, tikinti, xidmət, emal və yaradıcı sənayelər də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində məşğulluq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bərpa və quruculuq işləri ilkin mərhələdə əmək tələbatı yaratsa da, uzunmüddətli perspektivdə daimi iş yerlərinin formalaşdırılması əsas prioritetlərdən biri olmalıdır.
Eyni zamanda, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və ixtisasartırma proqramlarının təşkili xüsusi əhəmiyyət daşıyır. Qayıdan əhalinin peşə bacarıqlarının müasir iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması işəgötürənlərlə işaxtaranlar arasında əlaqələrin gücləndirilməsini zəruri edir. Xüsusilə gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi yerli iqtisadi fəallığın artmasına və sosial inteqrasiyanın möhkəmlənməsinə töhfə verə bilər.


R.Abdullayeva vurğulayıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ADA Universiteti tərəfindən keçirilən sorğuların nəticələri də keçmiş məcburi köçkünlər üçün qayıdış şərtləri arasında məşğulluğun prioritet əhəmiyyət daşıdığını göstərir.
“Böyük Qayıdışın dayanıqlılığını təmin edən əsas amillərdən biri də özəl sektorun inkişafıdır. Yerli iqtisadiyyatın uzunmüddətli inkişafı dövlət investisiyaları ilə yanaşı, sahibkarlıq təşəbbüslərinin genişlənməsindən, rəqabətqabiliyyətli müəssisələrin yaradılmasından və özəl investisiyaların cəlb olunmasından asılıdır. Sahibkarlığın inkişafı üçün maliyyə resurslarına çıxışın genişləndirilməsi, məsləhət xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi və biznes təşəbbüslərinin dəstəklənməsi də vacibdir.
Dayanıqlı iqtisadi həyatın formalaşması yalnız iş yerlərinin yaradılması və biznes imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. İnsanların doğma torpaqlarında rahat yaşaması üçün keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə əlçatanlıq da təmin edilməlidir”, - deyə o bildirib.
Professor qeyd edib ki, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin və digər təhsil obyektlərinin fəaliyyəti təhsil imkanlarını genişləndirməklə yanaşı, həmin ərazilərdə daimi məskunlaşmaya da müsbət təsir göstərir. Peşə təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı isə yerli iqtisadiyyatın ehtiyaclarının ödənilməsinə kömək edir.
“Səhiyyə xidmətlərinin əlçatanlığı da eyni dərəcədə əhəmiyyətlidir. İlkin tibbi xidmətlərin təşkili, müasir tibb infrastrukturunun yaradılması və səhiyyə müəssisələrinin zəruri mütəxəssislərlə təmin edilməsi əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Təhsil və səhiyyə müəssisələrinin, eləsə də digər sosial infrastruktur obyektlərinin fəaliyyəti insanların yeni yaşayış mühitinə uyğunlaşmasını asanlaşdırır, sosial inteqrasiyanı və yerli icmaların dayanıqlılığını gücləndirir”, - deyə R.Abdullayeva əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az