Mingəçevir, 26 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik mobillik imkanlarından yararlanan tələbələri 2026/2027-ci tədris ilinin payız semestrində Türkiyə, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrində təhsilə başlayıblar.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsini və tələbələrin qlobal təhsil mühitinə inteqrasiyasını əks etdirən bu təşəbbüsü gənclərin fərqli akademik sistemlərdə bilik və bacarıqlarını inkişaf etdirməsinə, beynəlxalq təcrübə qazanmasına və mədəniyyətlərarası ünsiyyət imkanlarını genişləndirməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi çərçivəsində həyata keçirilən “Orhun Mübadilə Proqramı” üzrə bir semestrlik akademik mobilliyə cəlb olunan MDU tələbələri artıq qəbul olunduqları universitetlərin tədris prosesinə qoşulub, mühazirə və praktiki məşğələlərdə iştirak etməyə başlayıblar. Proqram çərçivəsində MDU-nun tələbələrindən Gülzar Niftəliyeva Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində, Aygün Əlizadə Adana şəhərindəki Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində, Polad Süleymanlı İstanbul Ticarət Universitetində, magistrant Umar Asimov isə Eskişehirdə yerləşən Anadolu Universitetində təhsilini davam etdirir. Digər iştirakçılardan Fatimə Əlizadə Qazaxıstanın paytaxtı Astanada L.N.Qumilyov adına Avrasiya Milli Universitetində, Turqut Həziyev isə Özbəkistanın Kokand Universitetində akademik fəaliyyətə başlayıb.
Beynəlxalq mübadilə proqramında iştirak edən tələbələr təhsil aldıqları universitetlərin akademik mühitinə inteqrasiya olmaqla yanaşı, müxtəlif ölkələrdən olan gənclərlə birgə öyrənmə, yeni tədris metodları ilə tanışlıq və beynəlxalq əməkdaşlıq şəbəkələrində iştirak imkanları əldə edirlər. Bu təcrübə onların akademik inkişafı ilə yanaşı, müstəqil qərarvermə, adaptasiya, ünsiyyət və gələcək peşəkar fəaliyyət üçün zəruri olan kompetensiyalarının formalaşmasına mühüm töhfə verir.
Qeyd edək ki, 2026/2027-ci tədris ili ərzində Mingəçevir Dövlət Universitetinin ümumilikdə 56 tələbəsinin “Orhun Mübadilə Proqramı” çərçivəsində xarici universitetlərdə təhsil alması nəzərdə tutulub. Tələbələrin bir qismi payız, digər qismi isə yaz semestrində mübadiləyə qoşulacaq. 2025/2026-cı tədris ilində MDU-nun 10 tələbəsi bu proqramdan yararlanıb. Cari tədris ili üçün nəzərdə tutulan iştirakçı sayı əvvəlki illə müqayisədə 5,6 dəfə çoxdur.
Müxbir – Vüsalə Cənnətova