Bakı, 27 oktyabr, AZƏRTAC
Amerikanın “Microsoft” şirkəti xərclərin azaldılması planı çərçivəsində 60 mindən çox əməkdaşına könüllü işdən ayrılma müqabilində kompensasiya təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, proqram ABŞ, Böyük Britaniya, Kanada və Hindistanda çalışan əməkdaşları əhatə edir. Şirkətin maliyyə bölməsi, eləcə də “Xbox”, “Windows” və “Copilot” bölmələrinin işçiləri proqramda iştirak edə bilərlər. Məlumat mərkəzləri, satış, marketinq, kibertəhlükəsizlik və kvant hesablamaları sahələrində çalışanlar isə proqramdan kənarda saxlanılır.
Hazırda “Microsoft” şirkətində 223 mindən çox əməkdaş çalışır. Könüllü işdən ayrılma proqramı işçi qüvvəsinin təxminən 27 faizini əhatə edir.