Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi praqmatik mövqelərlə çıxış edir. Bu amil Azərbaycanın regional və qlobal xarakterli proaktiv təşəbbüslərinin bir hissəsi kimi xarakterizə oluna bilər. Azərbaycanın sivilizasiyalararası, dinlərarası dialoq platformalarının formalaşdırılmasında oynadığı rol onun İƏT daxilindəki çəkisini və ideyalarının legitimliyini əhəmiyyətli dərəcədə artırır. Buna görə də, Azərbaycan İƏT daxilində yüksək etimad indeksinə sahiblənib və bu, onun müsəlman coğrafiyasındakı strateji reputasiyasının şaxələnməsinə geniş şərait yaradır.
Azərbaycanın təşkilat daxilindəki mövqeyi texniki üzvlük deyil. Prezident İlham Əliyev qarşılıqlı etimad və institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də təhlükəsizlik, sabitliyin təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslərlə İslam dünyasının ümumi maraqlarına töhfə verir. Bu baxımdan, Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti onun regional və qlobal miqyasda artan nüfuzunun mühüm göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin İƏT Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi və müzakirələr zamanı səsləndirilən fikirləri də qeyd olunan kontekstdə qiymətləndirmək olar. Baş katibin ilk səfərlərindən birini məhz Azərbaycana etməsi təşkilatın Bakının beynəlxalq mövqeyinə və əməkdaşlıq potensialına verdiyi əhəmiyyəti nümayiş etdirir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan İƏT daxilində öz üzərinə düşən məsuliyyəti və həmrəyliyin gücləndirilməsi üçün irəli sürdüyü ideyaları daim aktual saxlayır. Dövlətimizin başçısının Azərbaycanın İƏT-in fəal üzvü olduğunu bildirməsi də həmin məqamı daha aydın şəkildə ortaya qoyur.
Ölkəmizin beynəlxalq əhəmiyyəti həmrəylik, təhlükəsizlik və səmərəli əməkdaşlıq üçün irəli sürdüyü ideya və təkliflərdə özünü göstərir. Bu strateji xəttin davamlı olacağı şübhəsizdir.
İƏT Zirvə görüşünə fəal hazırlıq gedir
Azərbaycanın İƏT çərçivəsindəki fəallığı təşkilatın müxtəlif istiqamətlər üzrə tədbirlərinə ev sahibliyi etməsində də təzahür edir. Təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi və idman tədbirlərinin keçirildiyini xatırladan Prezident İlham Əliyev gələn il Azərbaycanın İƏT Zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bu tədbirə fəal hazırlıq işlərinin getdiyini bildirib.
Azərbaycanın təşkilat daxilindəki fəaliyyəti və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələr ümumi maraqlar ətrafında birgə fəaliyyət üçün yeni imkanlar açır.
Bu o deməkdir ki, İƏT Zirvə sammiti rəsmi Bakının qlobal idarəetmədə və İslam həmrəyliyinin gücləndirilməsində gündəm müəyyənləşdirən əsas aktor kimi mövqeyini yüksəldəcək.
Həm də ona görə ki, Azərbaycan üçün İslam həmrəyliyi xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu prioritetin siyasi və ideoloji əsasları ölkəmizin dövlət siyasətində də aydın şəkildə ifadə olunub.
Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi Azərbaycanın İslam dünyasında birliyi və xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq etdiyinin mühüm təzahürü idi.
Üstəlik, Azərbaycan həm ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş torpaqlardakı məscidlərin, həm də Heydər Əliyev Fondunun xarici ölkələrdəki İslam abidələrinin bərpası və mühafizəsini uğurla həyata keçirir.
Bu fəaliyyət İslam mədəni irsinin qorunmasına və müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafına yönəlmiş səylərin mühüm tərkib hissəsidir.
Bu baxımdan, Azərbaycanın İslam dünyasının birliyinin möhkəmləndirilməsi ilə bağlı prioritetləri ardıcıl strateji xəttə söykənir. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.
Ərazi bütövlüyü və suverenliyin təmini yeni imkanlar kimi
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra strateji siyasətinin həyata keçirilməsi üçün daha əlverişli imkanlar əldə edib.
Azərbaycanın regional sülh və sabitliyin təmin olunması istiqamətindəki siyasəti İƏT ilə münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycanın regionda sülhün və sabitliyin bərqərar olması yönündəki strateji səylərinin İƏT tərəfindən tam dəstəkləndiyini bildirən Baş katib ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi nailiyyət kimi qiymətləndirib və qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Bu mövqe rəsmi Bakının regional təhlükəsizlik formatlarının müəyyənləşdirilməsində aparıcı statusunu növbəti dəfə təsdiq edir.
Azərbaycan və İƏT arasındakı münasibətlərin möhkəm institusional əsaslara söykənməsi də bu əməkdaşlığın davamlılığını şərtləndirən amillərdəndir. Baş katibin Ulu Öndər Heydər Əliyevin təşkilatla əlaqələrin qurulmasındakı tarixi xidmətlərini xatırlatması münasibətlərin dərin institusional köklərə malik olduğunu göstərir. Bu tarixi əsaslar hazırkı əməkdaşlığın inkişafı və yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaradır.
İnformasiya təhlükəsizliyi üçün əməkdaşlıq
Eyni zamanda, Azərbaycan və İƏT əlaqələri çoxtərəfli əməkdaşlığın qlobal çağırışlara uyğun olaraq yeni müstəviyə çıxarılmasına şərait yaradır. Müasir dövrdə bu əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biri də informasiya təhlükəsizliyidir. Qəbulda İƏT çərçivəsində media sahəsində koordinasiyanın gücləndirilməsi və dezinformasiya ilə hibrid təhdidlərə qarşı üzv ölkələrin birgə strategiyasının formalaşdırılması əsas müzakirə mövzularından biri olub.
Azərbaycanın təşkilatdakı yaxın dövrlərə hədəflənən sədrliyi çərçivəsində həyata keçiriləcək siyasət:
- Rəsmi Bakının İslam dünyasının informasiya təhlükəsizliyi arxitekturasının qurulmasında intellektual və texnoloji moderator rolunu proqnozlaşdırmağa əsas verir;
- Bu yanaşma Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyətinin ənənəvi diplomatik əməkdaşlıqla yanaşı, müasir təhdidlərə qarşı kollektiv cavab mexanizmlərinin formalaşdırılmasına da yönəldiyini göstərir.
Beləliklə, Azərbaycanın İƏT-dəki statusu ona kollektiv dəstək qazandıran mühüm faktordur. Azərbaycanın təşkilat daxilindəki mövqeyi müsəlman coğrafiyasının sərhədləri ilə məhdudlaşmayaraq qlobal uğur modelinə çevrilir. Ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafı, regional təhlükəsizlik və informasiya sahəsində əməkdaşlıq istiqamətlərində irəli sürdüyü təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət edəcək.