Bakı, 27 oktyabr, AZƏRTAC
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov və böyük məsləhətçisi Habil Abdullayev Çinin Pekin şəhərində keçirilən “Connectivity Investment Conference on Energy Storage” (Enerji Saxlama üzrə Əlaqəlilik İnvestisiya Konfransı) mövzusunda konfransda iştirak ediblər.
Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, konfransın birinci günündə Çinin aparıcı şirkətləri və CNESA nümayəndələri tərəfindən irimiqyaslı enerji saxlama sistemlərinin iqtisadi və ekoloji dəyərləri, batareya elementindən tam elektrik stansiyasınadək iqtisadi gəlirlilik məsələləri barədə təqdimatlar edilib. Həmçinin Banqladeş, Çili, Qırğızıstan, Nigeriya və Pakistan nümayəndələrinin iştirakı ilə ölkə üzrə dəyirmi masa müzakirələri təşkil olunub.
Konfransın ikinci günü isə inkişaf etməkdə olan bazarlarda enerji sektorunun vəziyyəti və tendensiyaları, enerji saxlamanın maliyyə modelləri və investisiyaları, eləcə də enerji saxlama üzrə siyasət, tənzimləmə və bazar mexanizmləri mövzularında sessiyalar keçirilib. Sessiyalarda Fici, Qazaxıstan, Özbəkistan və digər ölkələrin təcrübəsi, batareya enerji saxlama sistemlərinin (BESS) layihələndirilməsi barədə təqdimatlar edilib.
“Developing Markets – Part 2” sessiyası çərçivəsində “Azərbaycanda bərpaolunan enerji və BESS-in inkişafı” (“Advancing Renewable Energy and BESS in Azerbaijan”) mövzusunda direktor müavini Fəqan Abdurəhmanov təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində görülən işlər, enerji saxlama sistemlərinin ölkənin enerji sisteminə inteqrasiyası istiqamətində perspektivlər və bu sahədə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verilib.