Bakı, 27 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində növbəti tədbir Bərdədə keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, işəgötürənlər üçün təşkil olunan maarifləndirmə tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların nümayəndələri ilə yanaşı, Qarabağ regionunda fəaliyyət göstərən 20 müəssisənin 55 təmsilçisi iştirak edib.
Tədbirdə əmək qanunvericiliyi sahəsində son illər aparılan islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında məlumat verilib. Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər, həmçinin Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması istiqamətində görülən işlər barədə də iştirakçılara məlumat çatdırılıb.
Qadınların əmək hüquqlarının təmin olunması və əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunmasının vacibliyi vurğulanıb. İşə qəbul, əmək şəraitinin müəyyənləşdirilməsi, əməkhaqqının ödənilməsi, vəzifə bölgüsü və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.