Bakı, 27 oktyabr, AZƏRTAC
Heydər Əliyev Sarayının səhnəsində “Turandot” tamaşasının premyerası böyük uğurla keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Cakomo Puççininin məşhur operasını yeni quruluşda təqdim edib. Əsər 98 illik fasilədən sonra ilk dəfə Azərbaycanda səsləndirilib.
AZƏRTAC-ın müxbiri tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovla söhbət edib.

– Mikayıl müəllim, “Turandot” operasının son 98 ildə ilk dəfə Bakıda təqdim olunması nə dərəcədə əhəmiyyətlidir?
– Bu, həqiqətən də əlamətdar hadisədir. Hər şeydən əvvəl, “Turandot” dünya miqyasında tanınan məşhur operadır. Azərbaycan teatrının repertuarında belə möhtəşəm, mürəkkəb və musiqi baxımından zəngin əsərin yer almasını, məncə, elə indidən tarixi hadisə hesab etmək olar.
Premyeranın keçirildiyi tarix də rəmzi məna daşıyır. Belə ki, tamaşa “Turandot”un dünya premyerasının yüzilliyinə həsr olunub. Opera ilk dəfə 1926-cı ildə tamaşaçılara təqdim edilib. İndi isə, düz yüz il sonra, 2026-cı ildə əsər Azərbaycanda yeni quruluşda səhnəyə qoyulur.
Bununla yanaşı, “Turandot”un ölkəmizdəki tarixi daha əvvələ gedib çıxır. Opera azərbaycanlı tamaşaçılara ilk dəfə 1928-ci ildə təqdim olunub. İndi isə bu qədər uzun fasilədən sonra yenidən həmin əsərə müraciət edirik. Bütün bunlar qarşıdakı premyera üçün xüsusi dəyər qatır.
-Konsepsiyanız barədə ətraflı danışardınız. Sizin rejissor interpretasiyanız dünyanın digər teatrlarında səhnələşdirilən tamaşalardan nə ilə fərqlənir?
– “Turandot” bütöv bir kainatdır. Bu operanın hər bir quruluşunun öz konsepsiyası, özünəməxsus rejissor yanaşması var. Mən bizim quruluşumuzda ilk növbədə əsərin nağıl xarakterini, mifoloji aləmini və dərin fəlsəfi əsasını ön plana çəkmək istəyirdim.
Mənə elə gəlir ki, əsərin özündə artıq mövcud olan daosist liturgiyasını üzə çıxarmağa çalışmışam. Bu ənənə həm mətnin özündə, həm də musiqi quruluşunda hiss olunur. Ancaq mən istəyirdim ki, o, daha aydın şəkildə təcəssüm etsin. Bunun yalnız musiqidə və sözlərdə deyil, səhnə hərəkətlərində, plastikada və xoreoqrafiyada da əksini tapmasına çalışırdım.
“Turandot”un müxtəlif quruluşlarında baletdən əvvəllər də istifadə olunub. Lakin bizim interpretasiyamızda balet xüsusi rəmzi məna daşıyır, belə ki, bu, beş elementin təcəssümünə çevrilir.
Düşünürəm ki, bizim quruluşumuzu fərqləndirən əsas cəhət əsərin fəlsəfəsinə daha dərindən nüfuz etmək istəyimizdir. Puççininin musiqisi özlüyündə ilahidir, sanki kosmik miqyasa malikdir. Mən tamaşanı təkcə musiqi səslənişi baxımından deyil, vizual cəhətdən də bu kosmik miqyasa yaxınlaşdırmaq istəyirdim. Bunun üçün səhnə tərtibatından, plastikadan və tamaşanın obraz dilindən istifadə etdik.
– Əsasən dram teatrında çalışan rejissor kimi opera janrında işləmək sizin üçün nə dərəcədə çətin və ya qeyri-adi idi?
– Doğrudan da, peşəkar fəaliyyətimin əhəmiyyətli hissəsi dram teatrı ilə bağlıdır. Bununla belə, musiqili teatr sahəsində də iş təcrübəm var. Üstəlik, xoreoqrafiya məktəbini bitirdiyim üçün musiqi təhsili də almışam.
Yaradıcılıq fəaliyyətim ərzində operettalar, musiqili tamaşalar, müzikllər və etnomüzikllər səhnələşdirmişəm. Xaricdə qazandığım təcrübə də mənim üçün çox əhəmiyyətlidir. Praqada Motsartın “İdomeneo” operasının quruluşu üzərində işləyərkən rejissor Yoşi Oydanın assistenti olmuşam. Bu, mənə çox şey qazandıran, dəyərli peşə təcrübəsi olub.
Bundan başqa, Rusiyada bir neçə musiqili tamaşanın hazırlanmasında iştirak etmişəm. Buna görə də məni ilk növbədə dram teatrının rejissoru kimi tanısalar da, musiqili səhnə mənə yad deyil. Bu təcrübə opera janrında özümü rahat hiss etməyimə və iş prosesinə təbii şəkildə uyğunlaşmağıma kömək edir.
– Xoreoqrafiya təhsili aldığınızı qeyd etdiniz. Bu təhsil tamaşanın xoreoqrafiyası üzərində işləyərkən sizə necə kömək etdi?
– Sözsüz ki, aldığım təhsil baletlə iş zamanı mənə çox kömək etdi. Əlbəttə, xoreoqrafiya üzərində peşəkar mütəxəssislər – Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılov çalışırlar. Bununla belə, öz təcrübəm sayəsində baletin quruluşunu, plastik ifadə imkanlarını və hərəkətlərin bədii təsir gücünü yaxşı duyuram.
Bu, fikrimi daha asan ifadə etməyimə, görmək istədiyim səhnə obrazını xoreoqrafa izah etməyimə, eləcə də həmin ideyanı bilavasitə balet artistlərinə çatdırmağıma kömək edir.
Eyni zamanda, hesab edirəm ki, xoreoqrafiya təcrübəsi ümumilikdə rejissor təfəkkürümü zənginləşdirir. Bu təcrübə ifadə imkanlarımı genişləndirir, hadisələrə yalnız dramaturgiya baxımından deyil, həm də hərəkət, ritm, məkan və vizual obraz vasitəsilə yanaşmağıma kömək edir.
Mənim üçün plastika teatrın bütöv bir ifadə dilidir. O, sözlərdən istifadə etmədən belə, müəyyən mənaları və duyğuları tamaşaçıya çatdırmağa imkan verir.
– Tamaşanın vizual tərtibatı xüsusi əhəmiyyət daşıyır. Quruluşun bədii tərtibatının əsasını hansı ideya təşkil edir?
– Kino və teatr sahələrində bir çox birgə işlərimiz olan quruluşçu rəssam Mustafa Mustafayevlə tamaşanın konsepsiyasını müzakirə edərkən onu şüurlu şəkildə daosizm fəlsəfəsi və Şərqə xas dünyagörüşü ilə daha yaxından tanış etmək istəyirdim.
Çin mədəniyyəti ilə bağlı materiallara müraciət edir, kitablar oxuyur, müəyyən bilikləri yenidən nəzərdən keçirir və tamaşanın təməlini təşkil etməli olan fəlsəfi əsasları daha dərindən anlamağa çalışırdıq.
Mən tamaşada ayin elementlərini necə görmək istədiyimi, bu fəlsəfənin səhnədə necə təcəssüm etməli olduğunu və hansı obrazlar aləmini yaratmaq niyyətində olduğumu izah edirdim.
Nəticədə Mustafa Mustafayev müzakirələrimizə əsaslanaraq tamaşanın ümumi konsepsiyasını əks etdirən möhtəşəm dekorasiyalar və geyimlər hazırladı.
Mənə elə gəlir ki, bir-birimizi sözün əsl mənasında yarı kəlmədən anladıq. Belə məqamlarda yaradıcı baxışların üst-üstə düşməsi ideyanı daha dolğun və ifadəli şəkildə gerçəkləşdirməyə imkan verir.
– Dekorasiya və geyimlərin əsas xüsusiyyətləri nələrdir?
– Burada çoxlu texniki incəliklər var və onların hər birinin arxasında böyük zəhmət dayanır. Xüsusilə əl işlərini qeyd etmək istərdim. Geyimlərin hazırlanmasında öz işinin həqiqi ustaları iştirak edib, hər bir detala böyük diqqət, səbir və sənətkarlıqla yanaşıblar.
Eyni sözləri dekorasiyalar haqqında da demək olar. Onların hazırlanması teatrın texniki mütəxəssislərindən ibarət bütöv bir komandanın əməyinin nəticəsidir. Bu insanlara ayrıca təşəkkürümü bildirmək istəyirəm.
Əminəm ki, tamaşaçılar yalnız ümumi bədii konsepsiyanı deyil, onu konkret detallarda gerçəkləşdirən insanların ustalığını da qiymətləndirəcəklər. Səhnədə bütöv bir dünyanın yaranması məhz belə detalların hesabına mümkün olur.
– Premyera tamaşalarında xarici ölkələrdən dəvət olunmuş ifaçılar iştirak edirlər. Xarici ölkələrin sənətçilərinin Azərbaycana gələrək yerli ifaçılarla əməkdaşlıq etməsi nə qədər vacibdir?
– Tanınmış xarici solistlərin də iştirak etdiyi “Turandot” kimi möhtəşəm tamaşanın böyük mədəni hadisəyə çevrilməsi çox sevindiricidir.
Belə əməkdaşlıq, şübhəsiz ki, kollektivimizi zənginləşdirir. Fərqli peşə təcrübəsinə və öz ifaçılıq ənənələrinə malik sənətçilərlə birgə çalışmaq yeni yaradıcılıq imkanları yaradır və bütün iştirakçılara bir-birindən öyrənmək, təcrübələrini bölüşmək fürsəti verir.
Mən bu layihə üzərində işlədiyim üçün həqiqətən qürur duyuram. Belə böyükmiqyaslı operanı səhnələşdirmək asan deyil. Xüsusilə də vaxtın məhdud olduğunu və dəvət olunmuş solistlərlə işi koordinasiya etməyin zəruriliyini nəzərə alsaq, bunun nə qədər çətin olduğu aydın görünür.
İş prosesini Avropanın iri teatrlarına xas olan intensiv tempdə qurmağa çalışdıq. Teatr rəhbərliyi bu məsələdə bizə böyük dəstək göstərdi.
Lakin mənim üçün təkcə peşəkar nəticə deyil, başqa bir məqam da vacibdir. Layihənin ilk günündən hiss edirdim ki, bu tamaşanın öz ruhu, özünəməxsus Turandotu var. Məhz bu duyğu mənə güc verir və irəli getməyə kömək edirdi.
Müəllif – Anara Axundova