Bakı, 27 oktyabr, AZƏRTAC
“Global Media” şirkətlər qrupuna daxil olan “Report” İnformasiya Agentliyi (İA) yaranmasının növbəti ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, “Report”un fəaliyyətə başlamasından 12 il ötür.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən illər ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
“Report” İA-nın direktoru Fuad Hüseynəliyev AZƏRTAC-a bildirib ki, yarandığı ilk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli xəbər saytları üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər media qurumları istinadla dərc edir.
“Report”un ölkə ərazisində müxbir postları, həmçinin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, Avropa İttifaqı ölkələri və Balkan ölkələri üzrə xüsusi büroları fəaliyyət göstərir.
“Report” İA beynəlxalq əlaqələrini də daim genişləndirir. Belə ki, agentlik Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – “Xabar” Agentliyi, Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir.
“Report”un yeni yaşı münasibətilə agentlikdə çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!