AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABİF: Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi istiqamətində çalışırıq

27.10.2026 [10:35]

Bakı, 27 oktyabr, AZƏRTAC
Biz Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi istiqamətində fəal çalışırıq. Əsas diqqətimiz üç başlıca məqsədə yönəlib; birincisi, iqtisadi artımı və şaxələndirməni dəstəkləmək, ikincisi Azərbaycana birbaşa xarici investisiyalar cəlb etmək, üçüncüsü isə idxaldan asılılığı azaldan rəqabətqabiliyyətli layihələrə sərmayə qoymaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Almaniya-Azərbaycan biznes konfransında çıxışı zamanı “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin (ABİF) İnvestisiya departamentinin rəhbəri Mikayıl Əliyev deyib.
Onun sözlərinə görə, hazırda fondun aktivlərinin həcmi və idarəetmə portfeli təxminən 950 milyon manat təşkil edir.
“Biz adətən layihələrdə azlıq payına (50 faizdən az) sahib olan səhmdar qismində çıxış edirik. Layihələrdə iştirak müddətimiz isə bir qayda olaraq, 5-7 il təşkil edir. Prioritet sahələrimizə kənd təsərrüfatı, ağac emalı, əczaçılıq, tikinti materialları, yaşıl enerji və digər sahələr daxildir”, - deyə Mikayıl Əliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az