Bakı, 27 oktyabr, AZƏRTAC
Hər bir dövlət iqtisadiyyatını şaxələndirməklə iqtisadi inkişafa nail olmağa çalışır. İqtisadiyyatın şaxələndirilməsi risklərdən qorunmaq üçün vasitədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Nərgiz Vik Bakıda keçirilən Alman-Azərbaycan biznes konfransında çıxışı zamanı deyib.
O bildirib ki, kənd təsərrüfatı və qida məhsullarının emalı bu şaxələndirmənin və müasir transformasiyanın əsas istiqamətlərindəndir.
“Azərbaycan geniş kənd təsərrüfatı bazasına daha da artırmaq, əlverişli şəraiti və ərzaq təhlükəsizliyini daha da gücləndirmək, və ixracı artırmaq niyyətindədir. Lakin imkanlar təkcə daha çox məhsul istehsal etməkdən ibarət deyil. Əsas məqsəd Azərbaycanda daha çox əlavə dəyər yaratmaqdır. Bu isə məhsulların ölkə daxilində emalı, məhsuldarlığın artırılması, keyfiyyətin yaxşılaşdırılması və itkilərin azaldılması deməkdir. Ötən il qida məhsullarının istehsalı təxminən 10,5 faiz artıb. Hökumətin 2026–2030-cu illəri əhatə edən inkişaf proqramı dəyər zəncirinin müasirləşdirilməsinə dövlət və özəl sektor tərəfindən əhəmiyyətli investisiyaların yatırılması nəzərdə tutulub. Meyvə-tərəvəz emalı, süd və ət məhsulları, taxıl, soyutma, saxlama, doldurma və qablaşdırma sahələrində müasir həllərə tələbatın olduğunu görürük. Avtomatlaşdırma, rəqəmsallaşma, qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və enerji səmərəliliyi də getdikcə daha böyük əhəmiyyət kəsb edir. Almaniya şirkətləri məhz bu istiqamətlərdə əhəmiyyətli töhfə verə bilərlər”, - deyə Nərgiz Vik qeyd edib.