Bakı, 27 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf yalnız texnoloji infrastruktura investisiya qoyuluşu ilə məhdudlaşmamalı, insanların rəqəmsal savadlılığının və yeni texnologiyalardan istifadə bacarıqlarının artırılmasını da əhatə etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda infosessiyanın açılışında deyib.
Rəşad Bayramov bildirib ki, texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və onların inkişafı əmək bazarına ciddi təsir göstərir.
“Yeni texnologiyalar bir tərəfdən yeni imkanlar yaradır, digər tərəfdən isə işçi qüvvəsinin bilik və bacarıqlarına dair tələbləri dəyişdirir. Rəqəmsal transformasiya çərçivəsində kadr hazırlığına kompleks yanaşılmalıdır. Bu, yalnız informasiya texnologiyaları üzrə mütəxəssislərin yetişdirilməsi deyil, eyni zamanda, müxtəlif sahələrdə çalışan insanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi deməkdir. Rəqəmsal inkişaf strategiyalarının səmərəliliyi cəmiyyətin ehtiyaclarının nə dərəcədə nəzərə alınmasından və texnoloji yeniliklərin insanların gündəlik həyatına necə inteqrasiya edilməsindən də asılıdır”, - deyə Rəşad Bayramov vurğulayıb.
Müxbir - Pərvanə Qafarova