Bakı, 27 oktyabr, AZƏRTAC
Bilkent, Qroningen və Oksford universitetlərində təhsil almış, təcrübəli və gənc mütəxəssis Hüseyn Piriyev Türkiyə-Azərbaycan Universitetində (TAU) tələbələr üçün “Beynəlxalq təcrübə, peşəkar inkişaf və karyera planlaması” mövzusunda seminar təşkil edib.
Bu barədə AZƏRTAC-a TAU-dan bildirilib. Seminarı açan TAU-nun rektoru dosent Nəcibə Nəsibova xaricdə təhsil almış gənc mütəxəssislərin beynəlxalq təhsil və iş mühitində qazandıqları təcrübənin tələbələrin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra H.Piriyev haqqında videoçarx nümayiş etdirilib.
H.Piriyev, Bilkent Universitetində sənaye mühəndisliyi üzrə bakalavriat, Qroningen Universitetində texnologiya və əməliyyat idarəetməsi üzrə magistratura və Oksford Universitetində MBA təhsili müddətində qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, sənaye mühəndisliyinin mühəndislik və idarəetməni birləşdirən geniş imkanlara malik sahə olduğunu, bu ixtisasın müxtəlif istiqamətlərdə karyera qurmağa əlverişli zəmin yaratdığını qeyd edib.
Gənc mütəxəssis tələbəlik illərinin özünü tanımaq, fərqli istiqamətlərdə sınamaq və gələcək karyera hədəflərini müəyyənləşdirmək üçün mühüm mərhələ olduğunu qeyd edib. O, bu çərçivədə tələbələrə öz güclü və zəif tərəflərini düzgün qiymətləndirməyi, iş dünyası ilə akademik mühitin tələb etdiyi fərqli bacarıqları nəzərə almağı və şəxsi inkişaflarını məqsədyönlü şəkildə planlaşdırmağı tövsiyə edib. Bildirib ki, nüfuzlu universitetlərdə əldə edilən akademik göstəricilərlə yanaşı, praktiki bacarıqlar, tənqidi düşüncə, problemlərə yaradıcı həll tapmaq, kommunikasiya və şəbəkələşmə bacarıqları da müasir iş dünyasında xüsusi əhəmiyyət daşıyır.
Sonda suallar cavablandırılıb.