AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Kitab Sərgisində yeni təşəbbüs: “Dostluq” klubu və “Səyyar kitabxanam” VİDEO

27.10.2026 [10:57]

Bakı, 27 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqların təşəbbüsü ilə yaradılan “Dostluq” klubunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat zamanı klubun fəaliyyəti, məqsədləri və ilk layihəsi olan “Səyyar kitabxanam” barədə məlumat verilib.
Bildirilib ki, 6-17 yaşlı uşaq və yeniyetmələri əhatə edən klubun əsas məqsədi regionlarda yaşayan məktəblilər üçün müxtəlif maarifləndirici layihələr həyata keçirmək, onların bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır. Klubun təsisçiləri Kamil Gülməmmədov, Məltəm İsayeva, Banu Gülməmmədova, Xədicə Məmmədli və İsmayıl İsmayılzadədir.
Tədbirdə klubun ilk təşəbbüsü olan “Səyyar kitabxanam” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində region məktəblərində səyyar kitabxanaların yaradılması, şagirdlərin bədii ədəbiyyata marağının artırılması nəzərdə tutulur. Kitabxanada Azərbaycan və dünya ədəbiyyatından seçilmiş 10 əsərin ümumilikdə 200 nüsxəsi yer alacaq.
Layihə müddətində şagirdlər oxuduqları kitablar haqqında fikirlərini bölüşəcək, əsərlər əsasında rəsmlər çəkəcək və müxtəlif müsabiqələrdə iştirak edəcəklər. Sonda fərqlənən iştirakçılar mükafatlandırılacaqlar.
Qeyd edək ki, AZƏRTAC-ın Uşaq Bilik Portalı “Dostluq” klubunun media tərəfdaşıdır.

Fotoqraf- Azər İbrahimov
Video - Şövqi Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az