Bakı, 27 oktyabr, AZƏRTAC
Yaponiyada sosial medianın təsiri ilə yeniyetmələr arasında cinayətkarlıq artır. Gənclər internet vasitəsilə müxtəlif qruplar yaradır, polis əməkdaşlarını təhrik edən hərəkətlər törədir və həmin hadisələrin videolarını sosial şəbəkələrdə paylaşırlar.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Polis Agentliyi məlumat yayıb. Bildirilib ki, cinayətlərlə əlaqədar polis tərəfindən tədbir görülən yeniyetmələrin sayı 2021-ci ildə 14 min 818 nəfər olduğu halda, 2025-ci ildə 24 min 416 nəfərə çatıb. Cinayət məsuliyyəti yaşına çatmayan, 14 yaşdan kiçik uşaqlarla bağlı polis tədbirlərinin sayı da 2025-ci ildə 9 min 178 nəfər olub.
Mütəxəssislər bildirirlər ki, sosial media müxtəlif məktəblərdə təhsil alan yeniyetmələrin bir araya gəlməsini asanlaşdırır və onların fəaliyyətinə nəzarəti çətinləşdirir. Bəzi uşaqlar ailədə və məktəbdə kifayət qədər dəstək görmədikləri üçün internet vasitəsilə təhlükəli qruplara qoşula bilirlər.
Ekspertlər problemin həlli üçün qanun pozuntularını təşviq edən internet məzmununa qarşı mübarizənin gücləndirilməsini, eləcə də uşaqlara ailədə və məktəbdə daha çox dəstək göstərilməsini vacib hesab edirlər. Onların fikrincə, yalnız sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoymaq problemi tam həll etməyəcək.