Bakı, 27 oktyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Tatev Zəngəzur mahalının Gorus rayonunun Tatev kəndi yaxınlığında, Oxçu çayının sahilində, böyük bazalt qayanın üzərində inşa olunmuş IX əsr alban xristian məbədidir. Rəvayətə görə, burada ilk kilsə Apostol Faddeyin şagirdi Yevstafey tərəfindən tikilib, VIII-IX yüzillərdə Siyuni arxiyepiskopunun kafedrası olub, 1837-ci ildə Eçmiədzin sinodunun qərarı ilə İrəvan yepiskopuna tabe edilib. Məbəd əvvəl qara daşdan tikilib, 889-911-ci illərdə sökülüb yerində yonulmuş daşdan iri günbəzli, beş qurbangahı olan məbəd ucaldılıb. Məbədin girəcəyində müsəlman Sasunun qızı, Siyuni hakimi Darsaicxanın arvadı Aruz xatunun məzarı yerləşir.
Qala divarları ilə əhatə olunmuş Tatev monastır kompleksinə üç kilsə, kitabxana, yemək zalı, zəng qülləsi, mavzoley və digər kiçik binalar daxildir. Müqəddəs Pavel və Pyotr kilsəsi 895–906-cı illərdə inşa edilib. 1043-cü ildə kilsənin cənub divarına bitişik tağlı zal inşa edilmişdi. 1087-ci ildə kompleksi qoruyan qala divarının şimal tərəfində Müqəddəs Məryəm kilsəsi inşa olunmuşdu.
XII əsrdə səlcuqların Cənubi Qafqaza yürüşləri və 1139-cu il zəlzələsi zamanı monastır kompleksi ciddi dağıntılara məruz qalıb. XII əsrin sonlarında monastır kompleksi yenidən bərpa olunub, monqolların Azərbaycanda hakimiyyəti dövründə və Hülakülər sülaləsi zamanında monastır kompleksi vergilərdən azad edilib.
1295-ci ildə Sünikin yerli sülaləsi olan türkəsilli Orbelilərin nümayəndəsi Stepan Orbelinin təşəbbüsü ilə zəlzələ nəticəsində dağılmış Maarifçi Qriqori kilsəsinin təməlləri üzərində yeni kilsənin inşasına başlanmışdır.
XVII–XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə kompleksdə monastır yenidən canlanıb, kompleksdə bərpa işləri aparılıb və bir neçə yeni bina inşa olunub.
Ermənilərin özünün etirafına görə, bu monastır orta əsrlərdə kitabların üzünün köçürüldüyü, belə çıxır ki, bölgənin tarixinə dair mənbələrin saxtalaşdırıldığı mərkəzlərdən biri olub.
1931-ci ildə baş vermiş zəlzələ zamanı monastıra ciddi ziyan dəyib, sonrakı dövrdə kilsənin dağılmış hissələri bərpa edilsə də, zəng qülləsi bu günə kimi dağılmış olaraq qalmaqdadır.
Məbədin adı türkcə olmaqla "Tat" və "ev" sözlərindən yaranmışdır. Tat sözü Qərbi Azərbaycanda qədimdən oturaq həyat keçirən türklərə aid edilməklə yanaşı, həm də el arasında “tat ev” ifadəsi “böyük ev” anlamında da işlədilib.