Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin klubları və filialları arasında açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə ənənəvi olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra turnirin rəsmi açılış mərasimində Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyüş sənətinin banisi, eyni zamanda İctimai Birliyin sədri Taleh Həsənov iştirakçıların hər birinə möhtəşəm mübarizədə sonsuz uğurlar və qələbə sevinci arzulayıb.
BJJ Azərbaycanın Prezidenti Aqil Acalov da turnir iştirakçılarına uğurlar arzulayıb, yarışda uğur qazanan idmançılara qarşıdan gələn beynəlxalq turnirdə iştirak edəcəklərindən danışıb və indidən onlara qələbələr arzulayıb. A.Acalov deyib ki, idman təkcə güc və sürət deyil, həm də yüksək nizam-intizam, iradə və xarakter nümayişidir.
İctimai Birliyin sədr müavini Anar Səfərov idmançıların hər birinə bu yarışda öz potensiallarını tam nümayiş etdirməyi və parlaq qələbələr qazanmağı arzu edib. Daha sonra yarışlara start verilib. Turnirdə respublikanın müxtəlif bölgələrinin klub və filiallarının idmançıları iştirak ediblər. Turnir müxtəlif yaş və çəki dərəcələri üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında Braziliya Ciu-Citsu döyüş sənətinin Gİ versiyası üzrə təşkil olunub.