AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

27.10.2026 [11:39]

Bakı, 27 oktyabr, AZƏRTAC

Mərkəzə daxil olan müraciətlərin böyük hissəsi psixoloji xidmətlərlə bağlıdır. Xüsusilə uşaq və yeniyetmələrdə əqli inkişafla bağlı çətinliklər, diqqət çatışmazlığı və hiperaktivlik halları ilə əlaqədar müraciətlər üstünlük təşkil edir. Bununla yanaşı, ailələr hüquqi məsləhət almaq, işsizlik, ailədaxili münaqişələr və məişət zorakılığı ilə bağlı problemlərinin həlli üçün də Mərkəzə üz tuturlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Aytac İbrahimova deyib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri sosial risk altında olan ailələrin müəyyənləşdirilməsidir. Bu məqsədlə ailələrə səfərlər, səyyar görüşlər, monitorinqlər və digər sosial tədbirlər həyata keçirilir. Həmin proseslər zamanı ailələrin birbaşa müraciət etmədiyi və ya açıq şəkildə dilə gətirmədiyi sosial problemlər də aşkar olunur. Bu isə mövcud riskləri vaxtında müəyyənləşdirməyə və ailələrə onların ehtiyaclarına uyğun dəstək göstərməyə imkan yaradır.
“Çətin həyat şəraitində olan ailələrlə işimiz müəyyən mərhələlər əsasında təşkil olunur. İlkin olaraq ailənin qəbulu və onun vəziyyəti ilə tanışlıq həyata keçirilir. Daha sonra mövcud problemlər və ehtiyaclar qiymətləndirilir, əldə olunan nəticələr əsasında fərdi iş planı hazırlanır. Növbəti mərhələdə həmin plan icra olunur, görülən işlərin nəticələri izlənilir və yekun qiymətləndirmə aparılır. Bütün bu proseslərdə ailələrin şəxsi məlumatlarının məxfiliyi qorunur.
Qiymətləndirmə zamanı xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də ailədaxili problemlərin uşaqlara təsiridir. Belə problemlər uşaqlarda qorxu, narahatlıq, özünəqapanma, davranış dəyişiklikləri, təhsildən yayınma və ünsiyyət çətinlikləri şəklində özünü göstərə bilər. Bu səbəbdən ailələrlə iş zamanı uşaqların psixoloji və sosial vəziyyətinin qiymətləndirilməsinə xüsusi önəm veririk”, - deyə A.İbrahimova diqqətə çatdırıb.
Mütəxəssis bildirib ki, göstərilən sosial dəstəyin əsas nəticələrindən biri ailələrin qarşılaşdıqları problemləri müstəqil şəkildə idarə etmək bacarıqlarının güclənməsidir. Ailələr çətin vəziyyətlə üzləşdikdə hansı addımları atmalı və hara müraciət etməli olduqlarını daha yaxşı bilirlər. Onlar artıq problemlərini bölüşməkdən çəkinmir, vaxtında müvafiq dəstək almağa çalışırlar. Eyni zamanda, Mərkəzin təşkil etdiyi tədbirlərdə və icma görüşlərində daha fəal iştirak edir, əldə etdikləri bilik və məlumatları ətraflarındakı insanlarla paylaşaraq maarifləndirmə işinə töhfə verirlər. Bu müsbət dəyişikliklər ailələrin sosial dayanıqlığının gücləndirilməsi istiqamətində fəaliyyətimizin əhəmiyyətini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az