AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın enerji təhlükəsizliyi “ABŞ-Azərbaycan” forumunun ən geniş müzakirə mövzularından biri olacaqdır VİDEO

29.04.2014 [16:50]

Bakı, 29 aprel (AzərTAc). Xəbər verdiyimiz kimi, aprelin 29-30-da Vaşinqtonda “Gələcəyə baxış” devizi altında növbəti “ABŞ-Azərbaycan” forumu keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, forum çərçivəsində keçiriləcək 4 sessiya iki ölkənin əməkdaşlıq sahələrinin olduqca geniş spektrini əhatə edir. Forumun sessiyaları üçün “Azərbaycan: kritik qlobal yolayrıcında etibarlı dost”, “Azərbaycan –inkişafda olan iqtisadiyyat və energetika”, “Ölkədə insan kapitalının inkişafı” və ”Dialoqun möhkəmləndirilməsi və tolerantlığın qabardılması” mövzuları seçilmişdir.
Hazırda dünyanın mədəniyyət mərkəzinə və sivilizasiyaların dialoquna çevrilmiş Azərbaycan növbəti dəfə sübut etmişdir ki, məhz tolerantlıq, öz qaynaqlarına həssas münasibət müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşamasını mümkün edir. Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə forumda iştirak etmək üçün Azərbaycandakı üç ən iri dini konfessiyanın başçılarının müşayiəti ilə Vaşinqtona gəlmişdir.
Azərbaycan ABŞ-ın başlıca tərəfdaşı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın CBC telekanalına müsahibəsində bildirmişdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, Amerika şirkətlərinin Azərbaycanda enerji resursları istehsal edən şirkətlərlə əməkdaşlığı forumda ən geniş müzakirə olunan məsələlərdən biri olacaqdır. O demişdir: “Əlbəttə, hazırda bütün dünya Cənub Qaz Dəhlizi layihəsi barədə məlumatlıdır. 2019-cu ildə məhz bu boru kəməri ilə Avropaya yeni həcmdə və yeni ehtiyatlardan qaz nəql olunacaqdır. Bu, ABŞ-ın müttəfiqi olan Avropaya enerji resursları nəqlinin şaxələndirilməsinin təmin olunmasına bizim böyük töhfəmizdir. Bu tədbirdə ABŞ ilə Azərbaycanın birgə fəaliyyəti müzakirə ediləcəkdir”.
İki ölkənin strateji tərəfdaşlığının məhz bu aspektləri indiki foruma belə böyük maraq doğurur. Qeyd edək ki, forumda ABŞ-ın xarici siyasətinin qurulmasına böyük təsir imkanları olan çoxlu sayda konqresmen, senator və politoloq iştirak edəcəkdir. Sirr deyildir ki, bu forum Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az