AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı yeni mövsümü yubiley tədbiri ilə açdı

15.09.2014 [15:31]

Bakı, 15 sentyabr (AzərTAc). Sentyabrın 15-də Azərbaycan Teatr Xadimləri İttifaqı yeni mövsümü Əməkdar Artist Mansur Mansurovun 70 illik yubiley tədbiri ilə açdı.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən ittifaqın sədri, Xalq Artisti Azərpaşa Nemətov son illər rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən söz açıb.
Sentyabrda keçiriləcək tədbirlərdən danışan Azərpaşa Nemətov deyib ki, qarşıdakı aylarda sənətsevərləri bir-birindən maraqlı mədəni hadisələr gözləyir.
Yeni mövsümün ilk tədbirini həsr etdikləri 70 yaşlı Mansur Mansurovun sənət yolundan və zəngin yaradıcılıq axtarışlarından danışan Azərpaşa Nemətov ona ən xoş arzularını çatdırıb.
Bildirilib ki, M.Mansurov 1970-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Hazırda aparıcı səhnə ustasıdır. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Kukla Teatrının qastrollarında, beynəlxalq festivallarda iştirak edib. O, bu gün də öz yaradıcılığını yorulmadan, uğurla davam etdirir.
Sonda aktyora Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı təqdim olunub.
Tədbirdə çıxış edən digər natiqlər də yubilyarı təbrik edərək ona uğurlar arzulayıb.
Bütün iştirakçılara minnətdarlığını bildirən Mansur Mansurov bundan sonra da Azərbaycan teatr sənətinin inkişafı naminə fəaliyyətini davam etdirəcəyini söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az